Avrasiyanın avtokratik iki dövlətindən biri olan Rusiya, qısa perspektivdə Çinə nisbətən daha böyük təhlükə hesab edilir.
Çinlilər ABŞ ilə əsl müharibəyə girişmədən, Asiyanın sahil sularında tədricən öz hökmranlıqlarını qurmağa ümid bəsləyirlər. Təcavüzkar istəklərinə baxmayaraq, Pekin təmkinini qoruyur, Moskva isə gərginliyi artırır. İndiki ABŞ administrasiyası tezliklə istefaya gedəcək və onun yerini yenisi tutacaq. Ona görə də, Putinin mövcud təhlükəli vəziyyətdən istifadə etməklə, öz istəklərini sona çatdırması üçün yaxşı şansı var.
Rusiyadakı iqtisadi vəziyyət Çindəkinə nisbətən daha pisdir və elə ona görə də, Rusiya liderləri ölkədəki millətçilik əhvalını qızışdırırlar. Amma buna baxmayaraq, Qərb elitasının yaxşı bilmədiyi, daha böyük əhəmiyyət kəsb edən digər faktorlar da mövcuddur. Burda söhbət tarixin dərinliklərində yatmış və özünü qoruya bilməmək qorxusunun yaratdığı hisslərindən gedir. Belə olan halda həmin hisslər Rusiyanın aqressiyasını kobud, qanlı və hədsiz riskli edir. Öz növbəsində çinlilər mübahisəli adalarda təyyarə meydançaları tikir və balıqçı gəmilərini mübahisəli adalara yollayırlar. Ruslar isə Ukraynaya silahlı qatillər göndərir və Hələbdəki dinc əhaliyə bombalar yağdırırlar.
Əgər kiber məkanı hesaba qatmasaq, Moskva təcavüzkar siyasətini dörd istiqamətdə aparır - Baltik dənizi, Qara dəniz hövzəsi, Ukrayna və Suriyada. Lakin Rusiya bütün bunların hamısını “yaxın xaric” kimi vahid operativ teatr qismində görərək, özünün təsir zonasına daxil edir. Putin hər şeyi vahid Avrasiya teatrı kimi qəbul etdiyindən, məsələn, əgər ABŞ Suriyada ona təzyiq göstərərsə, onda o, çox asanlıqla buna qarşı Pribaltikada cavab verə bilər.
Hərbi oyunların gedişi zamanı hazırlanan ssenarilərə baxaq. Rusiya bir neçə yüz əsgərini Pribaltika dövlətlərinin içərilərinə qədər göndərib, sonra dayana bilər.
Beləliklə, Rusiya NATO-nun 5-ci maddəsini nəzərə alaraq, alyans ölkələrini təxribata çəkir. Cənab Putin yaxşı bilir ki, NATO-nun Avropanın cənubundakı üzv dövlətləri -Yunanıstan, Bolqarıstan və İtaliya, Pribaltika ölkələrinə NATO-nun müdaxilə etməsinin vacibliyinə ürəksiz yanaşacaqlar. Ona görə də, NATO regiona kifayət qədər qüvvə yollayana kimi, Rusiya Pribaltika ölkələrinin birini artıq tam zəbt edə bilər.
İndi isə Suriyanın oynadığı rol barəsində. 2011-ci ildə Ağ Evin Suriyada yaxşı strateji imkanları ola bilərdi. Ancaq bir şərtlə ki, Ağ Ev vaxtında hərəkət etsəydi.
Beş ildən sonra risklər xeyli artıb. Bununla bağlı olaraq bizim ağlımıza 1990-cı illərdə Sarayevo şəhərinin mühasirəsinə qarşı, Qərbin hərbi müdaxiləsi düşür. Amma o zaman prezident Bill Klinton zəif Rusiyaya qarşı çıxış edəndə, həmin münaqişəyə bir-birləriylə rəqabət aparan xarici dövlətlər və beynəlxalq terrorçular hesab edilən yerli döyüşçülər qoşulmamışdılar.
Ola bilər ki, ABŞ əzab çəkən Hələbin müqəddəratını yüngülləşdirməyə qabildir və hərbi ekspertlər bu arqumenti əsas götürməyə çalışırlar. Onu da yada salmaq gərəkdir ki, Suriyanın şimalında rejimə qarşı amansız hərbi kampaniya aparmaqla (hansı ki, bu mümkündür), Dəməşqdəki həmin rejimi devirmək arasınada (hal-hazırda bunun həyata keçirilməsi çox çətindir) böyük fərq var.
Bundan başqa, yeni prezidentin ilk növbədə cavab verəcəyi daha mühüm xarici siyasət məsələləri mövcuddur. Bunların içərisində ABŞ-ın Pribaltikadan tutmuş, Suriya səhrasında öz mövqeyinin necə möhkəmləndirməsinə qədər, bir sıra vacib məsələlər dayanır. Amerikanın belə bir mövqedə dayanması üçün Rusiya ilə aparılan danışıqlar strateji vəziyyəti dəyişə bilərmi?
Əlverişsiz geosiyasi kontekstdə ABŞ-ın dövlət katibini diplomat yox, missioner saymaq olar. Göründüyü kimi dövlət katibi Con Kerri xarici siyasətdə maraqların dəyərlər üzərində üstünlük təşkil etdiyini anlamır. Dəyərlər, yalnız maraqların düzgün formalaşdırılması zamanı ağırlıq qazanır. Məsələn, əgər Suriya münaqişəsinə Qərbin hərbi müdaxiləsi Rusiyanın Avropada cavab verməsi ilə nəticələnərsə, onda Amerikan hərbçilərinin qətiyyətli şəkildə Avropaya qayıtmaları, Putini özünü Suriyada daha məntiqli aparmağa məcbur edər. Bu isə Suriyadakı mübahisələrə son qoymağa imkan verər. ABŞ Şərqi və Mərkəzi Avropada Rusiyaya güclü təzyiq göstərməklə, əsaslı danışıqlar üçün münbüt şərait yarada bilər və beləliklə də, Moskva özünün suriyalı müştərisini daha konstruktiv yola istiqamətləndirər.
Suriya münaqişəsi regional müharibə olduğu üçün, digər ölkələr - Türkiyə, Səudiyyə Ərəbistanı və İran da onun həllində iştirak etməlidirlər. Belə olan halda, əgər ABŞ Aralıq dənizi və Fars körfəzinə xüsusi təyinatlılardan tutmuş, hərbi gəmilərə qədər göndərərsə və özünün Yaxın Şərq müttəfiqlərinə niyyətinin ciddi olduğunu sübut edərsə, onda Amerikan diplomatiyası münaqişəyə öz real töhfəsini verə bilər. Diplomatiya gücü əvəz edə bilməz, diplomatiya yalnız gücü tamamlamalıdır. Mahiyyət etibarı ilə, elə məhz bu cür yanaşma Riçard Nikson və Ronald Reyqan kimi prezidentləri Barak Obamadan fərqləndirir.
Hələlilk kiber məkanda ABŞ dəqiq qırmızı cizgini çəkə bilməyib. Rusiyanın haker hücumunun necə olacağı və ona qarşı hansı müvafiq cavabın veriləcəyi məlum deyil. Görünür ki, Obama administrasiyası vəziyyətə uyğun hərəkət edəcək. Növbəti administrasiya Rusiyanın bütün “yaxın xaric”inin ərazisində hərbi imkanlardan istifadə etdiyi kimi, kiber məkanda da bu cür fəaliyyətə üstünlük verməlidir.
Rusiyanın aqressiyası özünün “yaxın xaric”ində qüvvələr balansını pozub və artıq qətiyyətli cavab tələb olunur. Prezident Obamanın çalxantılardan ehtiyat etməsi faktı, yalnız taktiki elementdir. Bu, hər hansı əhatəli siyasi fəlsəfi yanaşmanın əlaməti deyil və onu realist etmir. Suriya və digər regionlardakı problemlərin əsl səbəbi də məhz buradan qaynaqlanır.
(“The Wall Street Journal” - ABŞ)

Şərhlər