“Ayna-Zerkalo” qəzetinin baş redaktoru: "Raufun ətrafındakı digər şəxsləri danışdırıblarsa, deməli məni də dindirilməyə çağıracaqlar"
“Raufun həbs edilməsindən təxminən 1 gün sonra redaksiya ofisində axtarış tədbirləri həyata keçirilib. Həmin gün xəstə idim. İşdə deyildim”. Bu sözləri ANS PRESS-ə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.
Onun sözlərinə görə, əməliyyat qrupu redaksiyada 4-5 saat ərzində axtarış aparıb: “Kompüterləri yoxlayıb, uşaqları dindiriblər. Rauf Mirqədirovla bağlı maliyyə sənədləri ilə maraqlanıblar. Kompüterimin prosessorunu aparıblar”.
Elçin Şıxlı niyə indiyə qədər dindirilməyə çağırılmadığına da aydınlıq gətirdi: “Məni hələ ki, dindirilməyə çağırmayıblar. Raufun ətrafındakı digər şəxsləri danışdırıblarsa, deməli məni də dindirilməyə çağıracaqlar. İndiyənə qədər bu xəbəri verməmişdim. Sadəcə olaraq mənə sual verdilər ki, hamı dindirilibsə, sizi niyə çağırmayıblar. Bu məsələyə aydınlıq gətirmək üçün bu barədə danışdım. Raufun günahsız olduğunu sübuta yetirmək üçün istintaq qrupunun bütün işlərinə kömək edəcəm.Qarabağ məsələsində, Ermənistan və Rusiyanın Qarabağla bağlı siyasətini ifşa edən Rauf kimi ikinci jurnalist tanımıram”.
Qeyd edək ki, Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Şərhlər