“Rauf Mirqədirovun nə vətənə, nə dövlətə xəyanəti olub”
Mayın 1-də “Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Dindirmə hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı olub.
Azər Rəşidoğlunun “Azadlıq” radiosuna dediyinə görə, dindirmə 3 saata yaxın çəkib: “İstintaqda dindirilməyimin detalları haqda heç nə danışmayacağımla bağlı mənə xəbərdarlıq olundu və bu haqda sənəd imzalandı. Ona görə geniş danışa bilməyəcəm. Rauf Mirqədirovun həbsini ilk gündən absurd, qurama və sifarişli hesab etmişəm. Bu fikrimdə yenə də qalıram.
Bu, böyük bir həbs dalğasının kiçik bir hissəsidir. Güman edirəm ki, həbslər davam edəcək. Daha prinsipial insanların həbs olunacağını istisna etmirəm. İstintaqa çağırılmağıma səbəb yazılarımda Rauf Mirqədirovu müdafiə etməyim olub. Yenə də deyirəm, Rauf Mirqədirovun nə vətənə, nə dövlətə xəyanəti olub. Hesab edirəm ki, o, dərhal azad edilməlidir və ondan üzr istənilməlidir”.
Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Baş Prokurorluğun rəsmi məlumatına görə, jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Şərhlər