Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,64% artaraq 1,6596 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6490 manata bərabər olub.

Bununla da dolların manata qarşı məzənnəsi bu il növbəti dəfə illik maksimumu yeniləyib. Noyabr ayının 2-də dolların məzənnəsi martın 11-də (1 dollar 1,6456 manat olub) qeydə alınan maksimumu yeniləyərək 1,6490 manat səviyyəsində qərarlaşıb. Noyabrın 3-də AMB dolların məzənnəsini sabit saxlayıb.

* * *

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 4-nə olan rəsmi məzənnəsini 1,6580 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6580 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6580 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il noyabrın 2-də (1,6490 AZN/USD) qeydə alınıb. Bu gün də dolların məzənnəsi 1,6490 manatdır.