Menu

ÇOVDAROVU MƏHKƏMƏYƏ SÜRÜYÜB GƏTİRİRLƏR - "Ağzında oksigen balonu ilə oturur"

14.11.2016, 23:46
ÇOVDAROVU MƏHKƏMƏYƏ SÜRÜYÜB GƏTİRİRLƏR -  "Ağzında oksigen balonu ilə oturur"

1448266117_covdarov-mehkeme2

“Akif Çovdarovu məhkəməyə zorla, sürüyərək gətirirlər” – MTN generalının vəkili Sadiq Rəsulov Azadlıq Radiosuna belə deyib.

Məhkəmə günün 1-ci yarısında baş tutmadı

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işi üzrə noyabrın 14-də günün birinci yarısına təyin olunmuş məhkəmə iclası baş tutmadı. Çovdarov sağlıq problemlərinə görə məhkəməyə gətirilməmişdi.

Onun və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Vəkilləri Çovdarovun məhkəmədə iştirakının mümkünsüzlüyü haqda tibbi arayış təqdim eləsələr də, hakimlər qəbul etməyib. Qərar veriblər ki, Akif Çovdarov gətirilsin. Bu məqsədlə də məhkəmə prosesində fasilə elan olunub.

Ağzında oksigen balonu?

Bir müddət sonra Çovdarov ağzında oksigen balonu və həkimlərin nəzarəti altında məhkəməyə gətirilib. Elə məhkəmə zalında da bu vəziyyətdə olub.

Çovdarov və digərlərinin məhkəməsində jurnalistlərin iştirakına qadağa qoyulduğundan, prosesdə baş verənlərdən vəkillər vasitəsilə məlumat almaq mümkün olub.

Çovdarovun vəkili Kamandar Nəsibov Azadlıq Radiosuna bildirib ki, MTN generalı məhkəməyə müdafiəçilərindən imtinası barədə ərizə təqdim edib. General bu addımını vəkillərinin heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfi kimi, onlara heç bir imkan yaradılmaması ilə əsaslandırıb: “Akif Çovdarov məhkəmədə dedi ki, “əgər vəkillərim mənim səhhətimlə bağlı bir məsələni həll etmək iqtidarında deyilsə, onların verdiyi vəsatətlərə hakimlər baxmaq istəmirsə, mənə, ümumiyyətlə, vəkil lazım deyil”.

Daha öncə vəkillərin özü də işə baxan hakimlərə etiraz ediblər. Onlar etirazı hakimlər heyətinin işə obyektiv baxmaması, qərəzli olmasıyla əsaslandırıblar. Etiraz baxılmamış saxlanılıb.

Vəkillərinin məhkəmə tərkibinə etirazının qəbul edilməməsi haqda qərar elan olunandan sonra Çovdarov hakimlərə üz tutaraq belə deyib: “Siz onsuz da bu işə hakimlik etmək iqtidarında deyilsiniz, göstərişlə işləyirsiniz. Siz heç bir məsələni həll edə bilmirsiniz”.

Vəkillərdən imtina məsələsi

Akif Çovdarovun vəkillərindən imtina məsələsinə noyabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında baxılacaq.

Çovdarovun başqa bir vəkili Sadiq Rəsulov deyir ki, o, oktyabrın 25-dən başladığı aclıq aksiyasını hələ də davam etdirir: “Səhhəti əvvəlkindən də ağırdır. Yemək, dərman qəbul eləmir. Artıq iki dəfədir ki, məhkəmə iclasına zorla, sürüyərək gətirirlər. Ona görə əsəbləri daha da pozulur, psixoloji durumu gərginləşir. Məhkəmədə də vəziyyəti tez-tez pisləşirdi, oksigen çatışmazlığı yaranırdı. Məcbur olub həkimlər onu zaldan çıxarırdı. Hətta yarım saatacan zaldan kənarda qaldı. Başa düşmürük ki, onu bu vəziyyətdə məhkəməyə gətirməyin səbəbi nədir”.

Vəkilin sözlərinə görə, hakimlər Çovdarovun səhhətindəki problemlərə biganə yanaşırlar: “Akif müəllim deyir ki, “xəstəyəm, səhhətimdə problemlər var”. Hakim cavab verir ki, “biz mütəxəssis deyilik, heç nə edə bilmərik”. Biz vəkilləri olaraq, xəstəliyi ilə əlaqədar ekspertiza təyin olunması haqda vəsatət vermək istəyirik, hakim deyir ki, “indiki mərhələdə buna ehtiyac yoxdur”.

Xatırlatma

A. Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A. Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

*****************

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib.

Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib.

Proses noyabrın 15-də davam etdiriləcək.

***

Akif Çovdarov məhkəməyə gətirilib. APA-nın xəbərinə görə, məhkəmə heyəti A. Çovdarovun səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməməsinə dair həkimlərin arayışını qəbul etməyib.

A. Çovdarov hazırda vəkili Kamandar Nəsibovla görüşür.

Prosesin günün ikinci yarısı başlaması gözlənilir.

* * *

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov məhkəməyə gətirilməyib.

Vəkil bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir.

Məhkəmədə 12:30-dək fasilə elan olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol