Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır.

JAM.AZ xəbər verir ki, yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları icra başçısı Alı Alıyevdir. Füzuli rayonun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.

Sıralamada ikinci yeri Abşeronun icra başçısı Zakir Fərəcov tutub. Onun haqqında edilən şikayətlərin əsas qayəsini isə rayonda yaratdığı özbaşınalıq və talançılıqla bağlıdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə sıralamada 3-cü yerdə qərarlaşıb. Onun haqqında edilən şikayətlərin qısa məzmunu şəhərdə satmadığı torpaq sahəsinin qalmaması, sahibkarlara qənim kəsilməsi və digər sosial problemlərlə əlaqəlidir.

Beyləqanın icra başçısı Vaqif Abdullayevdən isə ən çox şikayət edən sahibkarlardır. Rayonda onlara imkan verməyən və mütəmadi olaraq iş adamları ilə toqquşan sözügedən şəxsin əsas tələbi onlardan pul istəməsi göstərilir. Qeyd edək ki, hələ bir müddət əvvəl Abdullayevlə iş adamlarının biri arasında insident də baş qaldırmışdı və icra başçısının başı yarılmışdı.