Azərbaycanda yüksək keyfiyyətlə çap olunmuş 500 avro nominallı saxta əsginaslar aşkarlanıb
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində yüksək keyfiyyətli saxta avro əsginaslarını müsadirə ediblər. Bu barədə Sputnik-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Əməliyyatçılar saxta valyuta istehsal edən cinayətkar qruplaşmanın izinə düşüblər.
Hələlik təxminən 3 min avroya yaxın 500 avro nominallı əsginaslarları geri qaytarmaq mümkün olub. Azərbaycanın Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin bildirdiyinə görə, saxta əsginasları tanımaq çox çətindir. Görünür bu saxta əsginaslar Azərbaycanda hazırlanmayıb. Bununla belə, Mərkəzin ekspertləri əlavə ediblər ki, 500 avro nominallı saxta əsginaslar çoxdan avropalılar üçün baş ağrısına çevrilib.
Avropa Mərkəzi Bankı (AMB) xeyli vaxtdır ki, bu nominallı banknotları avro məkanından çıxarmağı düşünür. AMB bu addımı valyutanın saxtalaşdırılması problemini aradan qaldırmaq məqsədilə atmağı planlaşdırır.
Saxta beşyüzlük əsginaslardan cinayətkarlar, xüsusilə başda terror aktları olmaqla qanunsuz fəaliyyətlərin dəstəklənməsi üçün maliyyə dəstəyinin verilməsi zamanı istifadə edirlər. Almaniyada yaşayan, adının çəkilməsini istəməyən həmyerlimiz bank əsginaslarının saxtalaşdırılması ilə bağlı maraqlı versiya irəli sürüb. Onun sözlərinə görə, Avropa Mərkəzi Bankının böyük nominallı əsginaslardan imtina etməsinin əsas səbəbi saxta pul istehsal edənlər yox, maliyyə böhranıdır. Mənbənin sözlərinə görə, saxta pulun dövriyyəyə buraxılmasının əsas səbəbi AMB-nin 500 avroluq əsginasları dövriyyədən geri çəkməsidir.
Əslində bu, Avropa banklarının yaşadığı maliyyə böhranını daha da dərinləşdirib. "Əvvəllər bank hesablarından gün ərzində 10 min avro çəkmək mümkün idi. Sonra bu məbləğ 5 minə, daha sonra isə 2,5 minə qədər azaldıldı. Hal-hazırda banklardan gün ərzində 1000 avrodan çox pul çəkməyə icazə verilmir. Ona görə də avropalılar pullarını evlərində qoruyub saxlayırlar. Hamı öz kapitalını 500 avroluq əsginaslarda qoruyub saxlamağa çalışır" — deyə mənbə bildirib. Bu, ona gətirib çıxarıb ki, alman banklarında əmanətçilərin sayı 30 faiz azalıb. Ən məşhur alman bankı bu il ərzində 11 milyard avro itirib. Avropa əhalisi arasında 500 avroluq əsginasların ən populyar olduğunu biləndən sonra, saxta pul kəsənlərin niyə məhz bu əsginasa üstünlük verdiyi aydın olur.


Şərhlər