Menu

Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib - Yenilənib

28.11.2016, 19:02
Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib - Yenilənib

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

10 gün keçdi, Çovdarov ölmədi

General və komandası məhkəmə iclasına düz 1 saat 10 dəqiqə gecikdilər. Düz 11 gün bundan əvvəl, noyabrın 17-də məhkəmə iclasında Akif Çovdarovun dedikləri xatırlanarsa, müəyyən qədər narahatlıq yarandı - əcəba, dediyi oldumu? Yadınızdadırsa, həmin iclasda Akif Çovdarov 10 gündən sonra öləcəyini demişdi. O sözlərdən 11 gün keçirdi.

Lakin Akif Çovdarov və üç keçmiş əlaltısı iclas zalına gətirildilər. Hər zamankı kimi həkim müşayiəti və ozon balonu ilə gətirilsə də, Akif Çovdarov gümrah görünürdü, 34 günün aclığından üzülmüş adam təsiri bağışlamırdı.

Şahmar Qurbanovun pulları qaytarılacaqmı?

Proses keçən dəfəki iclasda bitməmiş işə - zərərçəkmiş Şahmar Qurbanovun şikayəti əsasında epizoda baxışın davamı ilə başladı.

Xatırladaq ki, 2007-ci ildə Akif Çovdarov zərgərlik məmulatlarının hazırlanması ilə məşğul olan “Riyad Prodakşn” MMC-nin direktoru Şahmar Qurbanovu MTN-ə çağıraraq, ondan 500 min dollar gətirməsini tələb edib. Bu məbləği toplamaq üçün zərərçəkən sexini, 4 avtomobilini və evini satmaq məcburiyyətində qalıb. Pulları gətirməyəcəyi təqdirdə, Akif Çovdarov Şahmar Qurbanovu həbs etdirəcəyi ilə hədələyib.

Daha sonra MTN generalı Şahmar Qurbanovdan 4 və 5 karatlıq brilyantlar gətirməsini tələb edib. Ümumi dəyəri 380 min dollar olan zinət əşyalarını alıb soyğunçu Akif Çovdarova vermək üçün zərərçəkən tanıdığı insanlardan borc alıb, həyat yoldaşının qızıllarını satıb.

Bütün bu təqiblərdən bezmiş iş adamı 2011–ci ildə vətənini tərk edərək, Türkiyəyə köçməyə məcbur olub. Biznesini itirməklə yanaşı, müflisləşmiş milyonçu ailəsindən də ayrılıb.

 

Mənzilini aldı, hələ üstəlik borc da verdi

İş üzrə şahid qismində məhkəməyə dəvət olunmuş Tariyel Əliyev ifadəsində bildirdi ki, zərərçəkmiş Şahmar Qurbanovu 2007-ci ildə ilk dəfə görüb. MTN-dən tələb olunan pulları toplaya bilmək üçün yenicə qurduğu ailəsi ilə birlikdə yaşadığı evi satmağa məcbur olan Ş.Qurbanov bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət edibmiş. Onlardan biri Tariyel Əliyevi müştəri kimi zərərçəkmişlə görüşdürüb.

Səməd Vurğun küçəsində “Olympic Star” idman mərkəzinin yaxınlığındakı məşhur “yaşıl bina”dakı 110 kvadrat metrlik mənzil o zamankı qiymətlərə nisbətən çox ucuz – 150 min dollara satıldığından, Tariyel Əliyev 10 min dollar beh verdiyini, 2-3 gün sonra isə yerdə qalan 140 min dolları ödədiyini və mənzili qaynanasının adına rəsmiləşdirdiyini dedi.

Mənzili satan Şahmar Qurbanov şahiddən köçməsi üçün 1-2 ay gözləməsini xahiş edib. Bu əsnada zərərçəkmişlə Tariyel Əliyev arasında münasibət yaranır və günlərin birində var-yoxundan olaraq, MTN üçün 500 min dollar toplamaq məcburiyyətində qalan zərgər evini alan adamdan 10 min dollar da borc alır. Həmin borc indiyə kimi də qaytarılmayıb.

“Həmin binada evi 38 minə satarsan?”

Şahidin ifadəsi qurtarandan sonra vəkillər onu sual atəşinə tutdular. Sözün açığı, bu sualların böyük əksəriyyətinin işin mahiyyətinə və Akif Çovdarovun Şahmar Qurbanovdan pul tələb etməsinə zərrə qədər aidiyyəti yox idi.

Məsələn, vəkil Kamandar Nəsibov ev alqı-satqı müqaviləsini göstərərək bildirdi ki, mənzil 150 min dollara deyil, 38959 manat 87 qəpik qiymətinə rəsmiləşdirilib. Şahid bundan xəbəri olmadığını və ona deyilən qiyməti ödədiyini bildirdi. Uzun mübahisədən sonra Tariyel Əliyev üzünü vəkilə tutaraq bildirdi: “Həmin binada evi 38 minə satarsan?”

Daha sonra vəkillərin yadına düşdü ki, şahid ifadəsində həmin dövrdə Şahmar Qurbanovun yenicə ailə qurduğunu qeyd etmişdi. Fəqət, vəkillərin fikrincə, o zaman bu ailə yeni qurula bilməzdi. Bu yerdə işə Şahmar Qurbanovun özü qarışmalı oldu: “Mən 2007-ci ilin mart ayında evlənmişəm, evi də avqustda satmışam”. Beş aylıq ailənin “yeni” statusunda olub-olmaması qaranlıq qaldı – vəkillər üçün.

Akif Çovdarovun atmacası

Şahidə verilən “aktual” suallar bitdikdən sonra məhkəməyə sədrlik edən hakim Həbib Həsənov Akif Çovdarovdan şahidə sualının olub-olmamasını soruşdu. Ayağa qalxıb kifayət qədər ötkəm səslə dillənən general “Nə sual verim? Özünüz hər şeyi düzüb-qoşursunuz da...” replikası ilə cavab verdi.

Hakim bu replikanı cavabsız qoymadı: “Xahiş edirəm, atmaca atmayasınız, konkret sualınızı verin”.

Akif Çovdarov verməyə sual tapmadı.

 

Şahin Rəfiyev – “təkrar biliyin anasıdır”

Akif Çovdarovun sayca üçüncü vəkili olan Şahin Rəfiyev iki vəsatətlə çıxış etdi. Vəsatətlərin hər ikisi onun müvəkkilinin sağlamlıq durumu ilə bağlı oldu.

İlk vəsatətdə Çovdarovun vəziyyətinin ağır olduğunu nəzərə alaraq, tibbi ekspertizanın onun iclasda iştirak edə bilib-bilməməsini aydınlaşdırması, iştirak edə biləcəyi təqdirdə neçə saat iştirak edə biləcəyi məsələsi qaldırıldı.

Dövlət ittihamçısı vəsatətə görə çıxış edərək qeyd etdi ki, hələlik tibbi ekspertizanın Akif Çovdarovun xəstəliyi ilə bağlı rəyi yoxdur və onun ağırlıq dərəcəsi müəyən edilmədiyindən vəsatət təmin edilməməlidir.

Məhkəmə bu vəsatəti təmin etmədi.

Digər vəsatət isə Akif Çovdarovun öz pulu hesabına (bu pulların mənbəyi göstərilmədi – virtualaz.org) Almaniyada onu müalicə etmiş həkimin çağırılması və ekspertizada onun da iştirak etməsinə aid oldu.

Qarşı tərəf bildirdi ki, Azərbaycanda kifayət qədər ixtisaslı həkimlər var və buna görə Almaniyadakı həkimin bura gətirilməsinə ehtiyac yoxdur.

Bu yerdə Akif Çovdarov vəsatətlə bağlı söz demək istədiyini bildirdi: “Mən düz 10 il Səhiyyə Nazirliyinin kuratoru olmuşam. Müxtəlif yollarla mənə çatdırılıb ki, ekspertizaya dəvət olunan həkimlərə təzyiqlər olunur və onlar ekspertiza rəyini düzgün yaza bilmirlər. Mən də bilirəm ki, Azərbaycanda kifayət qədər ixtisaslı həkimlər var amma onlar bu işdə mənə kömək edə bilməzlər. Almaniyadan gələn həkim isə ən azı düzgün rəy verə bilər”.

Bu vəsatət də təmin olunmadı.

Qeyd edək ki, vəsatətlərin heç biri yeni deyildi və məhkəmənin gedişi boyu bu məsələlər qaldırılmışdı.

Çovdarovun daha bir qurbanı – Əbil Vəzirov

Şahmar Qurbanovun işi üzrə digər şahidlər iclasa gəlmədiyindən hakim onların məhkəməyə gətirilməsinin təmin edilməsi barədə qərar çıxardı.

Proses cinayət işinin digər epizodu – zərərçəkmiş Şərəf Vəzirovanın şikayəti əsasında iş üzrə davam etdirildi. Virtualaz.org bildirir ki, Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid Telman Əliyev ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, daha sonra şahid qismində Taryel Əliyev dindirilib. T.Əliyev ifadəsində zərərəçəkmiş Şahmar Qurbanovun ondan 10 min manat pul alıb vermədiyini deyib: "Bu günə qədər də pulumu qaytarmayıb".

A. Çovdarovun vəkili Şahin Rəfiyev A. Çovdarovun səhhəti ilə bağlı xaricdən həkim gətirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib: "Tibbi ekpertizaya əlavə sualların verilməsi və Akif Çovdarovun Almaniyada əməliyyat edən həkimlərin gətirilməsini istədik. Vəsatətimiz təmin edilmədi"

Vəkil Cavid Rzazadə bildirib ki, A. Çovdarov yenə də məhkəməyə oksigen balonu ilə gətirilib və hazırda həkim nəzarətindədir.

Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Prosesdə ticarətçi Fuad Ələkbərov şahid qismində dindirilib.

O bildirib ki, zərərçəkmiş Əbil adlı şəxsə 35 min manat borc verib, borcunu hələ də ala bilməyib: "Mən sonra bildim ki, o bu pulu MTN-ə vermək üçün istəyib".

Proses noyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, iş adamı Əbil Vəzirov isə dələduzluğa görə mühakimə olunub və həbsxanada ölüb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol