Bu dəfə əşyalarını götürmək üçün

Mayın 5-də şərti cəza ilə həbsdən buraxılan keçmiş deputat Gülər Əhmədova azadlıqda ilk gününü evində ailəsi ilə birlikdə keçirib. Keçmiş deputatın həyat yoldaşı Fikrət Əhmədov “Media forum” saytına deyib ki, Gülər Əhmədovanın səhhətində problemlər var: “Evə həkim çağırdıq, müayinə etdi. Gülər xanımın səhhətində ciddi problemlər var. Bir müddət evdə istirahət edəcək”.

Fikrət Əhmədov deyib ki, həyat yoldaşına baş çəkmək üçün qohumları, tanışları evlərinə gəlir: “Kiçik oğlumuz anası üçün çox darıxmışdı. Bu gün dərsə göndərmədik, anasının yanında qaldı”.

Gülər Əhmədovanın vəkili Əfsər Talıbov “Media forum” saytına deyib ki, sabiq deputat həbs olunan zaman prokurorluğun müsadirə etdiyi əşyalar geri qaytarılacaq: “Prokurorluq Gülər xanıma aid xeyli əşyanı, o cümlədən onun telefonlarını, telefon nömrələrini maddi sübut kimi götürüb. Hakim onların geri qaytarılmasına qərar verdi. Gedib əşyaları götürəcəyik”.

Vəkilin sözlərinə görə, sabiq deputatın saxlandığı Bakı İstintaq Təcridxanasındakı əşyalarını da hələ də götürməyiblər: “Gülər Əhmədova azadlığa buraxılacağını bilmirdi. Ona görə də məhkəməyə gələndə əşyalarını götürməmişdi. Tezliklə gedib əşyaları götürəcəyik”.

Əfsər Talıbov bildirib ki, hələlik Ali Məhkəməyə kassasiya şikayəti verib-verməmək barəsində qərara gəlməyiblər: “Bakı Apellyasiya Məhkəməsinin qərarını alandan sonra müzakirə edib addım atacağıq”.

Gülər Əhmədova 2013-cü il fevralın 13-də tutulub. Həmin il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Sabiq deputat külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Bu il mayın 5-də Gülər Əhmədovanın Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxış yekunlaşıb. Onun cəzası 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə əvəzlənib və Gülər Əhmədova azadlığa buraxılıb.