Abdullayev azadlığa çıxdıqdan sonra həbsinin qaranlıq məqamlarına aydınlıq gətirəcək
“A.M.A.Y” ticarət mərkəzinin sahibi, “A.M.A.Y Abdulla” kimi tanınan Abdulla Abdullayev bu yaxınlarda həbsdən buraxıla bilər. Çünki A.Abdullayev mənimsədiyi 3,5 milyon manatı dövlət büdcəsinə ödəyib. Bu barədə “Yeni Müsavat”a A.Abdullayevin yaxın ətrafından məlumat daxil olub.
Mənbə bildirir ki, A.Abdullayev həbs edildikdən sonra yaxınları bu məbləği toplayaraq büdcəyə köçürüblər: “Ona görə də A.Abdullayevin yaxın vaxtlarda həbsdən azad ediləcəyi, daha doğrusu, haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi gözlənilir”.
Qanunvericiliyə görə, külli miqdarda mənimsəmə faktları barədə cinayət işi açılıbsa, mənimsənilən məbləğ tam ödənildikdə belə, cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbirləri seçilir və məhkəmə istintaqında “yüngülləşdirici” hal kimi nəzərə alınır.
A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İlkin istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mənbə onu da deyir, bu məsələ ilə bağlı bankın öncə 2 keçmiş xanım əməkdaşını həbs etmək istəyiblər: “Ancaq A.Abdullayev bütün məsuliyyəti öz üzərinə götürərək onların günahsız olduğunu deyib. Yalnız bundan sonra xanım əməkdaşlar cinayət məsuliyyətindən yayına biliblər ”.
Ümumiyyətlə, A.Abdullayev yaxın illərdə ikinci dəfədir oxşar insidentlə üzləşir. Bir qədər öncə A.Abdullayevlə “Texnikabank” arasında qalmaqal yaşandı. Bu qalmaqalın nəticəsi olaraq A.M.A.Y ticarət mərkəzinin direktoru Elşən Novruzov, məsul işçiləri Yusif Kərimov və Zakir Məmmədov həbs edildi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Novruzov 11 il, məsul işçiləri Yusif Kərimov 10 il və Zakir Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edildilər. Hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə və israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdular. İttihama görə onlar “Texnikabank”dan aldıqları kreditləri təyinatı üzrə xərcləməyib və götürdükləri öhdəliyə görə ödənişlər etməyiblər.
Bu şəxslərin həbs olunmasından sonra “A.M.A.Y Abdulla” ona qarşı haqsızlıq olunduğu bəyan elədi. Bir qədər sonra isə Apelyasiya Məhkəməsi Elşən Novruzovun cəzası 11 ildən 9 ilə, Yusif Kərimovun və Zakir Məmmədovun cəzası isə 8 ilə endirdi və cəza şərti hesab olunub. Onlar məhkəmə zalından azadlığa buraxıldılar. Bəzi məlumatlara görə, A.Abdullayev “Texnikabank” dan mənimsənilən vəsaitləri ödədikdən sonra işçilərinin azadlığa buraxılmasına nail olub. İndi eyni situasiya ilə özü üzləşib.
Bəzi məlumatlara görə, A.Abdullayevin həbsi sırf hüquqi məsələ yox, həm də hakimiyyətdaxili qrupların mübarizəsinin təzahürüdür. İddialara görə, hakimiyyətdə A.Abdullayevin yaxın olduğu qrupun mövqeyi daralıb. Həmin qrupun çətiri altında olan biznes strukturları təqib olunur və Abdullayevin həbsinə də bu tendensiyanın bir elementi kimi baxmaq lazımdır. Abdulla Abdullayev demokratik düşərgəyə divan tutulmasında yaxından iştirak edən hökumət qoçularından olub.
A.Abdullayevin həbsindən dərhal sonra - aprelin 5-də Bakının ən böyük ticarət mərkəzi sayılan “A.M.A.Y-dakı mağazalar boşaldılmağa başlanılıb.
Ticarətçilərə şifahi şəkildə 3 iş günü müddətində mağazaların boşaldılmasını tapşırıblar. Obyektləri əllərindən alınan ticarətçilərə “Sədərək” və “Binə” Ticarət Mərkəzində yerlər təklif edilib.
Mənbə onu da deyir ki, A.Abdullayev azadlığa çıxdıqdan sonra həbsinin qaranlıq məqamlarına aydınlıq gətirəcək. A.Abdullayevin hətta mətbuat konfransı keçirəcəyi də gözlənilir.

Şərhlər