«Heydər Əliyev özü dedi ki, Naxçıvana gəlməyimə heç bir ehtiyac yoxdur»

YAP-ın qurucularından olan texniki elmlər doktoru, professor Əli Nağıyev “moderator.az” saytına müsahibəsində Ali Sovetin keçmiş sədri Yaqub Məmmədovun ünvanına bir sıra ittihamlar səsləndirib. Ə.Nağıyev müsahibəsində Y.Məmmədovun “91-lər”in siyahısına bir neçə adamın adını tövsiyyə etməsi ilə bağlı açıqlamasına belə cavab verib: “Mən o ərəfədə iki dəfə Yaqub Məmmədovla görüşmüşəm. Sonralar Abşeronun polis rəisi olmuş Cahangir Hüseynov Yaqub Məmmədovla Tibb Universitetindəki kafedrasında görüşü təşkil etmişdi. Birinci dəfə mənə ”teoriya" danışmağa başladı. Dedi ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb məsələdir və Heydər Əliyev gəlib bunu necə həll edəcək? Mən də ona etiraz etdim ki, ay kişi, sən Ali Sovetin sədri olmusan və akademiksən, Heydər Əliyevin də sənin bu mərtəbəyə çatmağında xidmətləri olub. Yəni istəyirdim Yaqub Məmmədov da getsin desin ki, a kişi, keçmişdə nə olub, olub, bu gün sənsən və biz də səni dəstəkləyirik. İkinci görüşümüzdə isə mənə dedi ki, burdan getsəm, görərlər, mən “çerez” Türkiyə gedəcəyəm. Mən getdim onun bu sözünü Heydər Əliyevə dedim. Heydər Əliyev də dedi ki, eybi yox, Türkiyədən gəlsin. Ancaq Yaqub Məmmədov getmədi. Bilirsiniz, tarix düz yazılmalıdır və hər kəsin etdikləri və etmədikləri orda qeyd edilməlidir. Bu gün mən də sağam, Cəlal Əliyev, Yaqub Məmmədov və Ağabəy də sağdır. Qoy durub mənə desinlər ki, filan şeyi düz demirsən. Sizinlə keçən dəfəki müsahibədən sonra bir nadan dınqıldanmışdı, ancaq mən o nadana cavab verməyi özümdən çox aşağı hesab edirəm".

Ə.Nağıyevin söylədiklərinə cavab olaraq Y.Məmmədov azadlıq.info-ya bildirib ki, Ə.Nağıyev özü tarixi faktları təhrif edir və onun həqiqət kimi təqdim etdiyi faktların heç birinin həqiqətlə əlaqəsi yoxdur: “Əli Nağıyevin dedikləri həqiqətdən çox uzaqdır. Əli Nağıyev deyir ki, faktlar tarixdə düz əks olunmalıdır. Amma onun söylədikləri hamısı cəfəngiyatdır. Biz Əli Nağıyevlə iki dəfə deyil, dəfələrlə görüşmüşük. Məni Əli Nağıyevlə partiya komitəsinin katibi, fizika kafedrasının müəllimi Xəlil Xəlilov tanış edib”.

H.Əliyevlə görüşün təxirə salınmasının səbəbləri ilə bağlı Ə.Nağıyevin söylədiklərinə gəlincə isə Y.Məmmədov bildirdi ki, Ə.Nağıyev 1993-cü ilin iyun hadisələrindən öncə ona Naxçıvana getmək təklifi edib: “Mən dedim ki, böyük məmnuniyyətlə Naxçıvana gedərəm. O, mənə dedi ki, sənə bilet təşkil edəcəm Fərəməz Maqsudovla birlikdə Naxçıvana gedərsiniz. Mən Fərəməz müəllimlə əlaqə saxladım. O mənə dedi ki, Heydər Əliyevlə əlaqə saxlamışam. Heydər Əliyev də deyib ki, Naxçıvana getməyə heç bir ehtiyac yoxdur. Əsas proseslər Bakıda gedir və paytaxtda qalmaq lazımdır. Beləliklə də biz Fərəməz müəllimin təşəbbüsü ilə Naxçıvana getmədik”.

Y.Məmmədov Ə.Nağıyevin H.Əliyevlə onun arasında vasitəçi olmasına da aydınlıq gətirib. Y.Məmmədov bildirib ki, onun H.Əliyevlə mütəmadi əlaqəsi var idi: “Mənim Heydər Əliyevlə həmişə əlaqəm olub. Bu əlaqələr Ali Sovetin sədri olanda da olub, ondan sonra da davam edib. Əli Nağıyevin danışdığı cəfəngiyatdır. Guya mən demişəm ki, Türkiyədən Naxçıvana gedərəm. Mənim Türkiyədə nə işim var idi? Heydər Əliyevin qayıtmasına mən də çalışmışam və təşəbbüs göstərmişəm. Bunu da inkar etmirəm. Heydər Əliyev Bakıya gələn günü də mən onunla məhz onun təşəbbüsü ilə görüşmüşəm”.