ABŞ dövlət katibi Con Kerri ruspərəst qüvvələrin mayın 11-i Ukraynanın Donetsk və Luqansk şəhərlərində referendum keçirmək səylərini qondarma və saxta adlandırıb. Dövlət katibi bu referendumun heç bir sivil dövlət tərəfindən tanınmayacağını deyib.
ANS-in Vaşinqton bürosunun məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton Cenevrə danışıqlarında əldə olunan razılaşmanın ilk gündən Rusiya tərəfindən pozulduğunu, Ukraynanın isə əlindən gələni etdiyini bildirdilər. Dövlət katibi qeyd etdi ki, ruspərəst qüvvələrin mayın 11-i təşkil etməyi planlasdırdığı referendum hec vaxt sivil dövlətlər tərəfindən tanınmayacaq.
Con Kerri qeyd edib ki, biz rusiyapərəst separatçıların Donetsk və Luqanskda mayın 11-i, səmimi deyək, qondarma və saxta müstəqillik referendum təşkil etmək səylərindən də narahatıq:
“Biz Ukraynanın daha da parçalanmasına yönələn bu qeyri-leqal səyləri qətiyyətlə rədd edirik. Bu, gərginliyi azaltmaq əvəzinə daha da çox problem yaratmağa xidmət edir. Bu, Krım ssenarisinin yenidən oynanılmasıdır və heç bir sivilizasiyalı dövlət bu saxta referendumun nəticələrini tanımayacaq”.
Dövlət katibi Ukraynanın mayın 25-i prezident seçkiləri keçirilməsinə hazır olmamasına dair Rusiyanın bəyanatına da lağ etdi. Onun sözlərinə görə, bu həmin Rusiyadır ki, müharibə və zorakılığın tüğyan etdiyi Suriyada seçkiləri dəstəkləyir, Ukraynada isə qeyri-mümkün hesab edir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Ukrayna seçkilərinə dəstəyini bildirdi.
Ketrin Eşton isə deyib ki, sizin kimi, biz də azad və ədalətli seçkilərin əhəmiyyətini diqqətdə saxlayırıq:
“Bu, Ukrayna sabitləşmə yolunda, həqiqətən də, vacib addımdır. Bunu demokratiya tələb edir. Bu, Ukraynanın gələcəyinə dair legitim və geniş dialoqun olması üçün fürsətdir. Bu, adamların özlərinin öz gələcəyini müzakirə etmək imkanıdır. Biz, əlbəttə ki, buna dəstəyimizi davam etdirəcəyik və bu, müəyyən vaxt çərçivəsində 11 milyard avroluq yardım olacaq”.
Mətbuat konfransı Rusiya və Ukraynanın xarici işlər nazirlərinin iştirak etdiyi Vyana görüşündən sonra keçirildi. Moskva ilə Kiyev Cenevrə danışıqlarına qayıtmaq üçün hər biri öz şərtlərinin yerinə yetirilməsini tələb ediblər.
Mesaj isə eynidir. Cenevrə danışıqları nəticə vermədiyi üçün davam etdirməyə lüzum yoxdur. Çıxış yolu - Rusiyanın hiss edə biləcəyi sanksiyalardır.


Şərhlər