Nurəddin İsmayıl
Bu yazı Azərbaycanımızın namuz qalası Şuşa itkisinə və fəryadına yetə bilmədiyimiz Xocalı şəhidlərinin ruhuna ithaf olunur.
Dünən gördüyüm yuxuydu,
nə idi bilməm,
Gördüm, heç vaxt görmədiyim
cənnət qoxulu bir yerdəyəm.
Buranın bir tərəfi içi qanla dolu,
qar üstündə donmuş körpələrin
izi qalan Xocalıya,
Bir tərəfi, şiş qayalı,
cıdırları bədöy atsız,
Şuşaya bənzəyirdi.
Bənzəyirdi,
Bəzəklərindən tanıdığım
xınalı kəkliklər.
Bənzəyirdi,
Xəcalətdən boyu qısılan
əlçatmaz yüksəkliklər.
Xonça bəzədilmişdi burda
qar üstdə qızılı qandan,
Hər şəhid bir pay tutmuşdu sanki
Allaha şirin candan...
Göylər elə aydın, yerlər elə gözəldi,
Deyərdin bəs,
ölmüşlərin cənnət yeridir burası.
Cənnət dedim,
cənnət belə olurmuş?..
Allahım, bu nə cənnət ki,
şəmənləri, çiçəkləri
xəzan olub solurmuş?
Kərpicləri dəlik-dəlik minarədən
qaibanə azan səsi yüksəlirdi,
Bədənləri kurşunlara
hədəf olan insanların
ruhu burda haray çəkir, inləyirdi.
İnləyirdi burda can bədənə,
bədən cana həsrət qalan
ana ruhlar, bala ruhlar,
Tikdirmiş sahibsiz qalan yurd içində
ruhdan özünə qala ruhlar.
Quşlar elə qəm nəğməsin oxuyurdu,
Barmaqları xınalı gəlinlər
ilməsi göz yaşından,
naxışları kədərdən
Qarabağ xalçasını
elə könülsüz toxuyurdu...
Xəbər yoxdu burada məmləkətin
çal-çağırlı siyasət havasından,
Xəyanətə qol qoyanlar
əl çəkmək istəmir
rəyasət davasından.
Bakısı hər gün toylu, büsatlı,
Şuşası yaslı şəhər,
Biri altun, şərab düşkünü,
biri vaya durur hər açılan səhər.
Qurumuş yarpaqların
kəsilmiş əllər yerinə
dəli kimi sinə döydüyünü gördüm.
Ağılar yetmirdi dərd ovutmağa,
Can fədası şəhidlərin
ağsaçlı ana dilindən
öyündüyünü gördüm.
Gördüm, dillər yox,
gözü yol çəkən gözlər danışır,
Gördüm, səssizlik içində
sözlər özü dilə gəlib
qərib sözlər danışır.
“Qulaq səs çəkər”- söz misalıdır,
Gəlmirdi buralardan qulaq çəkən
Xanın səsi.
Ucalmırdı daha Qarabağın
ruha qida verən şikəstəsi.
Cinsi dəyişilmiş itlər hürər buralarda,
bizə nə!
Yellər əsib, dərələrə
uca dağlardan qarın kürər,
bizə nə!
Bizə nə fərqi varmış
quzeylərində qarlarımızı
qurd basdığının,
Biz çoxdan unutmuşuq
qarı düşmənin yağmalayıb,
üstümüzdən yurd basdığını.
Nə saz ovudar qardaşım,
nə söz bizi,
Nə kimsə qəhrin çəkməz vətənsizin.
Hər şey vardı,
heç nə yoxdur buralarda
könül açan,
Bir də nə vaxt geri dönər
düzlərindən ceyran-cüyür,
maral qaçan.
Hanı xoş üzlülər,
hanı badamı gözlər,
Gözlər,
Gözü yol çəkən hər kəs burda
öz adamını gözlər.
Çeşməsində sular gördüm
qan qarışan,
Hanı burda ulduzları göylərində
bir zamanlar
şəfəq saçan, sayrışan.
Hanı buranın içi dolu adamı,
Getdimi doğmalar,
qaldı bu torpaqlar yoxsa yadamı?
Yurddursa,
yurddaşları hara getmiş,
Fərqi nəymiş,
yurdu yurdsuz qoyan millət
cəhənnəmə ya gora getmiş.
Cəhənnəm örtər ayıbını
cənnət qədrin bilməyəni,
Sevməz kimsə özgəsi
öz vətənin sevməyəni!


Şərhlər