Azərbaycan prezidenti İlham Əliyev nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində QSC-nin nizamnaməsini və strukturunu prezidentilə razılaşdıraraq təsdiq etməlidir. Nazirlər Kabineti həmçinin cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görməli, QSC-nin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməli, QSC-nin fəaliyyətini təmin etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından QSC-yə veriləcək əmlakın siyahısını müəyyən edərək verilməsini, habelə QSC-nin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabinetinə prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların QSC-nin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi isə QSC-nin dövlət qeydiyyatına alınması üçün tədbirlər görməlidir, Fövqəladə Hallar Nazirliyi QSC-nin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirməlidir, Milli Elmlər Akademiyası isə QSC-də aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etməlidir.