İşgəncələrə məruz qalan AXCP üzvünün həyatı təhlükədədir

Məlum olduğu kimi, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə NİDA-çı gənclərə oxunan hökmə etiraz olaraq aksiya keçirilmişdi. Polis tərəfindən zorakılıqla dağıdılan aksiyada 26 nəfər saxlanılmışdı. Onlardan 5 nəfərinə inzibati həbs cəzası verilib, qalanları isə müxtəlif pul cərimələri və xəbərdarlıq edilməklə sərbəst buraxılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, NİDA-çı Şəfi Şəfiyev və “Dalğa” Gənclər Təşkilatından Hacı Zeynalov 15, bitərəf gənc Orxan Eyyubzadə 20 və AXCP üzvü Kəmalə Bənəniyarlı 30 sutka inzibati həbs cəzası alıblar.

Musavat.com-a verilən məlumata görə, aksiya zamanı saxlananlardan Tural Abbaslı və Kəmalə Bənəniyarlı polis zorakılığına məruz qalıb. Nəticədə hər iki fəal ciddi xəsarətlər alıblar.

Binəqədi Təcridxanasında saxlanılan fəallarla bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov görüşüb. O bildirib ki, fəalların saxlanma şəraitlərindən etirazları yoxdur: ‘Bu gün onlarla görüşdüm. Tural Abbaslı heç nədən narazılığının olmadığını bildirdi. Biz onlar saxlanılarkən üzləşdikləri zorkalıqları sübut etmək üçün fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə, Kəmalə Bənəniyarlı ilə görüşdüm. O, üzləşdiyi işgəncələrdən danışdı. Təəssüf edirəm ki, onu yoxlayan həkim aldığı xəsarətlər barədə arayışı tam səhv yazıb. Görünən odur ki, Kəmalə xanıma verilən işgəncələr sübuta yetirilib. Hazırda vəziyyəti ürəkaçan deyil. Bu barədə aidiyyatı orqanlara məlumat verəcəm. Tez-tez təcridxanaya gedib, onlarla görüşəcəm”.

Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov Binəqədi Təcridxanasındakı fəallara baş çəkib. O, tutulan 5 fəalın hər biri ilə görüşdüyünü müsavat.com-un müxbirinə söylədi: ‘Məhkəmənin önündə saxlanılan hər bir fəalla görüşdüm. Hazırda saxlanma şəraitlərindən narazılıqları yoxdur. Kəmalə xanımla ciddi maraqlandım. Onun işgəncələrə məruz qalması ilə bağlı bizə etdiyi müraciəti dərindən araşdırıb, prokurorluğa müraciət edəcəyik. Görüş gününün 15 günə qaldırılması ilə bağlı işlər aparırıq. Təcridxana rəhbərliyi ilə də görüşdüm. Vaxtın azaldılması, telefon danışığının tez-tez olması üçün əlimizdən gələni edirik. Bayramla əlaqədar iş günü olmadığına görə, indi gedə bilmirik. Bayramdan sonra yenə onlara baş çəkəcəyik”.

Vəkil Əsabəli Mustafayev hüquqlarını müdafiə etdiyi şəxslərlə görüşdüyünü və apellyasiya şikayəti verəcəklərini söylədi: ‘Mən Tural Abbaslı və Kəmalə Xəlilovanın (Bənənyarlı) hüquqlarını müdafiə edirəm. Ayrı-ayrılıqda hər biri ilə görüşdüm. Tural bəyin heç nədən narazılığı yoxdur. Sadəcə, həbs olunan zaman polislər tərəfindən təzyiqlərə məruz qalıb. Bu istiqamətdə də çalışacağıq. Amma Kəmalə xanımın vəziyyəti olduqca ağırdır. Polis idarəsində ona ağır işgəncələr verilib. Baş gicəllənməsi, ürək bulanmaları tez-tez olur. Onun üçün təcridxanaya Təcili Tibbi Yardım maşını da gəlib. Lakin görünən odur ki, həkimlər də ona laqeyd yanaşır. Biz bununla bağlı artıq şikayətlər hazırlamışıq. Apellyasiya Məhkəməsinə verəcəyik. İşə düzgün baxılmasa, Avropa Məhkəməsinə qədər gedəcəyik. Çünki konkret ortada işgəncələrə məruz qalan bir xanım var. Onun hüquqlarını sona qədər müdafiə edəcəyik”.

Kəmalə Bənəniyarlı ilə görüşən qardaşı Yunus Əliyev onun vəziyyətinin ağır olduğunu, həyatı üçün təhlükələr yaşadığını diqqətimizə çatdırdı: “Bacımla bu gün görüşdüm. Onu deyə bilərəm ki, biz onu itirə bilərik. Vəziyyəti ağırdır. Bacıma ağır işgəncələr verilib. Artıq onunla görüşə də bilmirik. Çünki görüş vaxtını 15 günə qədər uzadıblar. Hər kəsi bacımın üzləşdiyi haqsızlıqlarda bizə kömək etməyə çağırıram”. Sonda onu xatırladaq ki, həbs edilənlərdən Tural Abbaslı, Şəfi Şəfiyev və Hacı Zeynalov ayın 21-i, Orxan Eyyubzadə 26-sı, Kəmalə Bənəniyarlı iyunun 5-i azadlığa çıxacaq.