İsa Qəmbər: "Abutalıbov unutmasın ki, “şeytan-mələk” məsələlərinə o baxmır"
“Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
H. Abutalıbov bildirib ki, Müsavat Partiyasına bir neçə dəfə yer ayrılıb: “Sadəcə, onlar qurultay keçirmək istəmirlər. İstənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, “yox, bizim 1000 nəfərlik nümayəndəmiz var”. 1000 nəfərlik yer verirsən, deyirlər, “yox 1500 nümayəndəmiz var”. Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər. Sadəcə, insanın ürəyində gərək mələk yaşasın, şeytan yox. Nə vaxt onların ürəyində bu şeytanı mələk edəcəyəm, onlar qurultay da keçirəcək, Azərbaycan xalqına da xidmət edəcəklər. Əmin olun ki, mən bunu edəcəyəm”.
H. Abutalıbov qeyd edib ki, 1 həftə ərzində Müsavat partiyasına 650-700 nəfərlik yer ayrılacağıq: “Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər”.

İsa Qəmbər bu bəyanata münasibət bildirərkən Musavat.com-a deyib ki, Hacıbala Abutalıbov hər il mayın 10-da ifrat həyəcanlı olur: “Bunun səbəblərindən biri budur ki, o, həmin günlərdə hakim ailəyə xidmətinin pik nöqtəsində olur. Həm də görünür “gül əməliyyatı”nın faydalarından fərəhlənir. Amma Hacıbala Abutalıbov unutmasın ki, “şeytan-mələk” məsələlərinə o baxmır. Hakimiyyət bölgüsündə bu iş yəqin ki, şeyxülislama həvalə olunub. Yaxı olar ki, Abutalıbov öz işi ilə məşğul olsun”.
İsa Qəmbər bildirib ki, Hacıbala Abutalıbov yalnız açıqlamasının sonunda öz səlahiyyətinə uyğun danışıb və deyib ki, 1 həftə ərzində Müsavat partiyasına 650-700 nəfərlik yer ayrılacaq: “O, nəhayət bu addımı atmalıdır. Daha yaxşı olar ki, 800 nəfərlik yer təklif etsin”.
Müsavat başqanı xatırladıb ki, mayın 12-də partiyanın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddiaya məhkəmədə baxılacaq.

Şərhlər