AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan «İslam dövləti» adlandırılan qruplaşma ilə mübarizədə lazımi dəstəyi göstərmədiyinə görə, NATO-u tənqid atəşinə tutub.
Prezident Ankarada alimlərlə görüşü zamanı bəyan edib ki, Şimali Atlantika Alyansı Suriya ərazisindəki terrorçu qruplaşmalarla mübarizədə Türkiyə ordusuna kömək etmir. O, qeyd edib ki, Türkiyə «İslam dövləti»ni dəstəkləmir, əksinə, bu qruplaşma ilə müharibəyə «ən böyük töhfəni verir».
«Əl-Bab əməliyyatında biz, NATO-nun və digər müttəfiqlərimizin azacıq da olsa dəstəyini görmürük. Əgər biz müttəfiqiksə, o zaman NATO bizimlə birlikdə olmalıdır» - deyə, Ərdoğan bəyan edib.
“Türkiyə olaraq, Qərb dövlətlərini ayrı-seçkilik etməməyə çağırırıq. ABŞ başda olmaqla onlar günahsız insanların qatillərinə dəstək veririlər. Bizim media vasitəsilə onlara sataşmamağımızı istəyirlər. Bəs, bunları harada danışacağıq. Biz bunları ikitərəfli görüşlərimizdə də danışmışıq. Siz terror qruplaşmalarına yardım edirsiniz. Bizim də təhlükəsizlik orqanlarımız var. Terrorçularda hansı silah və sursatın olduğunu sizin qədər yaxşı bilirik. Biz NATO-da sizinlə birlikdəyik, ancaq siz dəstəyi bizə deyil, separatçı terrorçu qruplaşmalara verirsiniz. Siz terrorçu kimi tanıdığınız qruplaşmaları necə dəstəkləyirsiniz? Bizim bunu qəbul və həzm etməyimiz mümkün deyil. Əgər strateji ortağıqsa, onların deyil, bizim yanımızda yer almalısınız. Bizdən bundan fərqli ifadələr gözləməyin. Siyasət apararkən xalqınızın sizdən bir şeylər tələb etdiyini deyirsiniz. Bizdən də xalqımız nəsə gözləyir”, - Ərdoğan bildirib.
Bir neçə gün bundan əvvəl Türkiyə Prezidenti, ABŞ başda olmaqla, qərb koalisiyasını «İslam dövləti» qruplaşmasını dəstəkləməkdə və müttəfiqlərə yönəlik öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi.
«Onlar bizi «İD»-ni dəstəkləməkdə günahlandırırdı. İndi isə onlar terrorçu qruplaşmaları, o cümlədən «İŞİD», «YPG» və «PDS» (sonuncu ikisi kürd təşkilatıdır) təşkilatları dəstəkləyirlər. Bu, tam açıq bir faktdır. Bunu təsdiq edən sübutlarımız var - video və fotoşəkillər də o cümlədən» - deyə, Ərdoğan bildirib.
Noyabr ayında xəbər verilmişdi ki, Türkiyə Əl-Babda öz əməliyyatlarını Rusiya hərbi-kosmik qüvvələri ilə koordinasiya edir.


Şərhlər