Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə proses davam edib.
Anar Məmmədli hazırda həbsdədir. O, ötən il dekabrın 16-da həbs olunub. Anar Məmmədli külli miqdarda mənimsəmə və ya israf etmə, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, ağır nəticələrə səbəb olan və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ölkəni tərk etməmək iltizamı vermiş Bəşir Süleymanlı və Elnur Məmmədova külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürüb.
Anar Məmmədlinin vəkili Fariz Namazlı “Media forum” saytına bildirib ki, 13 may prosesində müdafiə tərəfinin vəsatəti əsasında 7 şahid dindirilib: “Şahidlər bildirdilər ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə əməkdaşlıq ediblər və gördükləri işlərin müqabilində razılaşdıqları məbləği alıblar, kassa-mədaxil ödənişi həyata keçirilib, heç bir pozuntu müəyyən olunmayıb”.
Fariz Namazlı xatırladıb ki, ittihamın əsasını təşkil edən yoxlama aktını hazırlamış Vergilər və Maliyyə nazirliklərinin əməkdaşları mayın 12-də məhkəmə prosesində iştirak etmişdilər: “Onlar vəkillərin suallarını konkret cavablandıra bilmədilər. Sadəcə yoxlama aktını təsdiq etdiklərini dedilər. Amma əsaslandıra bilmədilər ki, nəyə görə Anar Məmmədliyə qrant formasında verilmiş məbləğdən əlavə dəyər vergisi hesablanıb. Qrant müqaviləsi Ədliyyə Nazirliyinə təsdiq olunmaq üçün göndərilsə də, bu nazirlik hansısa səbəblərdən onu qeydiyyata almayıb. Vergilər və Maliyyə nazirliklərinin əməkdaşları da o əsasla çıxış etdilər ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməmiş qrant müqaviləsi qrant sayılmır, buna görə də vergiyə cəlb olunmalıdır. Biz hesab edirik ki, Anar Məmmədlinin qrant müqaviləsi əsasında verdiyi əməkhaqqıdan vergi tutula bilməz, çünki qanunvericiliyə görə, qrant müqaviləsinə vergi tutulmur. Amma Vergilər və Maliyyə nazirliklərinin əməkdaşlarının yoxlama aktında əlavə dəyər vergisi də hesablanıb. Bu, qanunsuzdur”.
Fariz Namazlı əlavə edib ki, məhkəmə boyu istintaqın zərərçəkmiş şəxs qismində tanıdığı şəxslər Anar Məmmədlidən heç bir şikayətlərinin olmadığın vurğulayıblar: “Hətta məhkəməyə notarial qaydada təsdiq olunmuş yazılı ərizə göndəriblər ki, biz ziyan çəkməmişik, Anar Məmmədliyə qarşı hansısa tələbimiz yoxdur və bizim zərərçəkmiş şəxs qismində iştirakımıza xitam verin. Amma istintaq onları zərərçəkmiş şəxs kimi tanıyır. Hesab edirik ki, bu durumun özü istintaqın qanunsuz aparıldığına bir işarədir. Şikayət olmadığı halda, istintaq hansısa şəxsləri zərərçəkmiş qismində tanıyır.
Növbəti məhkəmə prosesi mayın 14-də olacaq. Məhkəmədə yoxlama aktını imzalayan üçüncü şəxsin - QHT-lərə Dövlət Dəstəyi Şurasından ekspertin iştirakı gözlənilir”.

Şərhlər