“Daxili işlər naziri ilə görüşdən sonra cinayətin açılacağına inamım artdı”
“Daxili İşlər naziri Ramil Usubov mənim müraciətimi müsbət cavablandırdı və biz bu gün nazirlikdə onunla görüşdük. Mənim müraciətimin səbəbi və görüşdə müzakirə mövzusu isə əməkdaşımız Fərahim İlqaroğluna qarşı həyata keçirilən cinayətin istintaqı idi ”.
Bu sözləri müsavat.com-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. Məlum olduğu kimi o, rəhbərlik etdiyi qəzet vasitəsi ilə bu gün nazirə müraciət edərək, istintaqın gedişindən narahat olduğunu və bununla bağlı onunla görüşmək istədiyini bildirmişdi: “Ötən həftədən başlayaraq DİN mətbuat xidmətinin rəhbəri vasitəsi ilə görüş istədim. Bu gün də qəzet vasitəsi ilə müraciət etdim. Sonunda cənab nazir məni qəbul etdi. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyevin və Mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun iştirakı ilə jurnalistə qarşı törədilən cinayət işini və onun gedişatını müzakirə etdik. Sərvər Mehrəliyev işin istintaqı ilə bağlı ətraflı məlumat verdi. Mən müşahidə etdim ki, Ramil Usubov da prosesi dəqiqliklə bilir.
Bir sıra yeni məlumatlar əldə etdim. Təəssüf ki, onları mətbuata açıqlaya bilməyəcəm. Bunlar məmnunedici detallar idi. Lakin mən narahatçılığımı bildirdim və bu cinayət işinin törədilmə səbəbləri ilə bağlı mülahizələrimi açıq şəkildə dilə gətirdim. Artıq heç kəsə sirr deyil ki, F. İlqaroğlunu döyən və onu sifariş edən idmançılar deputat Elton Məmmədovun oğlu Aynara bağlıdır... Eyni zamanda, cinayəti icra edən F. Termişi ilə bağlı redaksiyanın əldə etdiyi özəl məlumatları bölüşdüm. Məni səbrlə dinlədilər. Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev müəyyən qeydlər götürdü. Cənab nazir dedi ki, jurnalistlər də riskli peşə ilə məşğuldurlar. Buna baxmayaraq, polisin işi cəmiyyətin bütün fərdləri kimi həm də jurnalistləri qorumaqdır.


Şərhlər