Gül bayramına çəkilən xərcləri örtmək üçün “növbədənkənar ödənişlər” yığılması barədə şayiələr gəzir, ancaq iş adamları buna inanmır

Son günlər vergi auditorları iri ticarət, iaşə və istehsalat obyektlərində kütləvi yoxlamalar apararaq, külli miqdarda haqq tələb etməyə başlayıblar. Tələb olunan məbləğin həcmi isə müəssisələrin dövriyyəsinə uyğun 5-10 min manat arasında dəyişir. Vergi müfəttişləri daha çox Nizami rayonu ərazisindəki obyektləri hədəf seçiblər. Bu barədə musavat.com-a vergi müfəttişlərinin təhdidinə məruz qalan iş adamlarından biri məlumat verib.

Mənbənin sözlərinə görə, adətən belə “ödənişlər” ilin sonuncu ayında olur: “Dekabrda Vergilər Nazirliyinin Vergi Auditi Departamenti hər il üzrə sahibkarlardan ”haqq" yığır. “İllik ödənişi” yığıblar, indi yenidən gəlib “haqq” istəyirlər. Bundan imtina edən sahibkar isə hədələnir, böyük həcmdə maliyyə sanksiyaları ilə üzləşəcəyini, hətta vergi cinayətlərinə görə həbs ediləcəklərini diqqətə çatdırırlar. Özü də sahibkarlardan “illik haqq yığımı” yalnız Vergi Auditi Departamentinə həvalə edilib. Vergilər Nazirliyinin başqa strukturları bu prosesdə iştirak etmir".

İş adamı qəfil yoxlamaların səbəbini izah edə bilmir: “Belə bir şayiə gəzir ki, mayın 10-da keçirilən Gül bayramına çəkilən xərcləri örtmək üçün ”növbədənkənar ödənişlər" yığılır. Düzü, bu bir qədər inandırıcı deyil. Çünki əvvəlki Gül bayramında bizdən pul yığılmayıb. Vergi auditorları də qeyri-rəsmi söhbətlərdə gerçək səbəbi izah etmirlər. Yalnız onu bildirirlər ki, bu, yuxarıların tapşırığıdır. Ancaq “kim və ya nəyə görə tapşırıb” sualına cavab verə bilmirlər. Vergi auditorlarının özfəaliyyəti istisnadır. Öz fəaliyyətə yol verən auditorlar çox sərt şəkildə cəzalandırılır".

Bir qədər öncə Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri külli miqdarda rüşvət alma faktı ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilir ki, bu il fevralın 13-də “Neftçi” mənzil-tikinti kooperativinin icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Vergi əməkdaşları “Neftçi” mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüblər. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115 min və 125 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Vergi auditorlarının həbsini rəhbərliyin onlardan “qisas” alması kimi dəyərləndirirdilər. Birinci, auditorlar departament rəhbərliyinin razılığı və xəbəri olmadan müəssisədən ödəniş tələb ediblər. İkinci də, ödənişi ümumi kassaya ödəmək əvəzinə öz aralarında bölüşdürüblər. Bu, Vergilər Nazirliyinin “daxili qaydalarına” ziddir. Bu səbəbdən Vergilər Nazirliyinin rəhbərliyi onların həbsini sifariş verib. Bu təcrübəyə əsaslanan iş adamı “növbədənkənar” yığımların özfəaliyyət olmasını istisna edir.

İş adamı deyir ki, əgər belə olmasaydı Vergilər Nazirliyinə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə indiyə qədər etdikləri şikayətlərə də baxılar və onlardan “haqq” yığan auditorlar cəzalandırılardı: “Ancaq nəinki auditorlar cəzalandırılmır, əksinə, şikayət edənin məbləği nümayişkaranə şəkildə artırılır. Bununla sanki demək istəyirlər ki, ”biz heç kimdən qorxmuruq". Elə bu cəzasızlıq mühitinin nəticəsidir ki, indiyə qədər ildə bir dəfə “təzminat” yığırdılar, indi 2 dəfəyə keçiblər. Vergi auditorları deyir ki, bu yığımların ilin sonunda yığılacaq “ödənişlərə” heç bir dəxli yoxdur. İllik “haqq” olduğu kimi qalır. Belə çıxır ki, ancaq vergiçilərin ciblərini doldurmaq üçün işləyirik. Artıq fəaliyyətimizi dayandırmaq barədə düşünürük".

Məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənmək mümkün olmadı. Buna baxmayaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.