610 hərbçimiz erməni gülləsindən, 120 hərbçimiz isə mina partlayışından şəhid olub
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli 1994-2014-cü illərdə - atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində cəbhə xəttində vəfat edən və yaralanan Azərbaycan əsgərlərinin statistikasını açıqlayıb. C.Sümərinlinin sözlərinə görə, 20 il ərzində (1994-cü ilin 12 mayından 2014-cü ilin 12 mayına qədər) cəbhə xəttində ən azı 610 Azərbaycan hərbçisi erməni gülləsindən dünyasını dəyişib. Həmin dövrdə yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır: “Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir”.
20 il ərzində 120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından vəfat edib. 200-dən artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıb.
Bundan başqa, 20 il ərzində Azərbaycanın 40-dan artıq mülki vətəndaşı yaralanıb, həmin dövrdə həlak olan mülki vətəndaşların sayı isə 15-dir. Mina partlayışından dünyasını dəyişən mülkülərin sayı 18 nəfər, yaralananların sayı isə 25 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 9 mülkü vətəndaşı girov götürülüb, sonradan qaytarılıblar.
Atəşkəs dövründə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.
“Doktrina” rəhbəri bu göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.

Şərhlər