Dövlət bu sahəni nədən öz monopoliyasına götürmür?

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında Azərbaycanda bəzi tarixi abidələrin özəlləşdirilməsinin nəzərdə tutulduğunu bildirib. V.Əliyevin sözlərinə görə, bəzi yerli əhəmiyyətli abidələrin, məsələn, evlərin, ofislərin özəlləşdirilməsi nəzərdə tutulur.

Nazir müavini deyib ki, hazırda Azərbaycada 7 mindən çox abidə dövlət tərəfindən qeydə alınaraq mühafizə edilir və təxminən 2 min abidə də yeni aşkarlanıb. Ancaq bütün abidələrin qorunub saxlanmasını təmin etmək müəyyən problem yaradır. Bu baxımdan onların bəziləri baxımsız qalır və nəticədə qurum belə bir addım atmaq qərarına gəlib.

Ekspertlər isə qərarı şərh edərək söyləyir ki, hansısa sahibkarın dövlətə və xalqa məxsus olanı qorumasına inanmaq sadəlövhlükdür. Əksinə, harda qiymətli və diqqəti cəlb edən yerlər varsa, onları qorumaq və mühafizə etmək adıyla əsassız qərarlar verilir:

“Həmin tarixi abidələrin dağıdılması milli tariximizə qəsddir. Tarixi və memarlıq abidələrimizin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ən ciddi, önəm veriləsi məsələ olmalıdır. Azərbaycanda dağıtmaq, izi itirmək, yox etmək sanki məqsədyönlü fəaliyyətə çevrilib. Ona görə də bu cür qərarların qəbulu yolverilməzdir”.

Tarixi abidələri, muzeyləri, incəsənət və mədəniyyət abidələrini saxlamaq birbaşa dövlətin borcu olmalıdır. Məhz bu sahəni dövlət öz monopoliyasında saxlamalıdır. Elə özəlləşdirmə haqqında qanun qəbul olunanda da həmin tarixi obyektlərin özəlləşdiriləcək obyektlərin siyahısına daxil edilməməsi bir məqsəd kimi qarşıya qoyulmuşdu. Lakin ölkədə qanunlar işləmədiyindən bu qərarı da yanlış və səhv adlandırmaq lazımdır: “Bu, tarixi abidələrin, muzeylərin, mənəvi-mədəni obyektlərin dağılmasına rəvac verən bir qərar olacaq”.