AŞPA-nın nümayəndə heyətinin ölkəmizdə növbəti səfər proqramını tərtib edən şəxslər Musavat Partiyası və digər müxalifət partiyalarının rəhbərliyinə Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrexlə görüş təklif ediblər. Bu barədə Musavat partiyasının mətbuat xidmətindən daxil olmuş press-relizdə bildirilir.

Qeyd olunur ki, adları çəkilən həmməruzəçilər fəaliyyətdə olduqları dövrdə Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməməsinə, ölkədə demokratiyanın və azadlıqların boğulmasına laqeyd yanaşdıqlarına, xüsusilə siyasi məhbuslar və seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən yanlış fikirlər səsləndirdiklərinə görə Müsavat Partiyası indiki halda həmməruzəçilərlə görüşü məqsədəuyğun hesab etmir.

Qeyd olunan məsələlərlə bağlı AŞPA həmməruzəçiləri Azərbaycanda real həqiqəti əks etdirən mövqe sərgilədikdən sonra Müsavat Partiyası bu qərarına yenidən baxa bilər.