Gürcüstanın paytaxtı Tiflisdə pasiyentlərə yüksək səviyyəli tibbi xidmət göstərəcək çoxprofilli “Lancet” Azərbaycan- gürcü tibb mərkəzi istifadəyə verilib. Teleqraf.com xəbər verir ki, onmərtəbəli klinika 25 milyon ABŞ dollarına başa gəlib. Burada gürcü mütəxəssislərlə yanaşı, Türkiyə, Fransa, Avstraliya və İsraildən dəvət olunmuş yüksək ixtisaslı həkimlər nadir cərrahiyyə əməliyyatları aparacaqlar. Ən müasir avadanlıqlar və dünyanın tanınan həkimlərinin çalışacağı klinika Gürcüstanda son on illərin ən böyük layihəsi hesab olunur.
Tibb mərkəzinin açılış mərasimində iştirak edən Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze ən müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı münasibətilə Azərbaycan və gürcü xalqlarını təbrik edib: “Bu, xalqlarımızın, dövlətlərimizin mehriban münasibətlərinin daha bir təsdiqidir və tibb mərkəzinin bütün bölgə üçün əsl müalicə ocağına çevriləcəyinə ümidvaram”.
Vitse-spiker heç kimə xəstələnməyi arzulamadığını bildirib, ancaq lazım gəldiyi təqdirdə qabiliyyətli mütəxəssislərin çalışdıqları klinikadan hamının sevinə-sevinə qayıdacağına əmin olduğunu vurğulayıb.
Gürcüstan parlamentinin sabiq deputatı, akademik Fridon Todua çoxprofilli böyük bir tibb mərkəzinin milli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edildiyi günlərdə istifadəyə verilməsini təqdirəlayiq sayıb. O, Heydər Əliyevi şəxsən tanıdığını vurğulayıb.
Akademik deyib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Gürcüstana ağır vaxtlarda həmişə kömək edib və onun uzaqgörən siyasəti sayəsində çoxlarının ağlına sığmayan əsrin qlobal layihələrinin Gürcüstandan keçməklə reallaşdırılması ölkənin rifahının yüksəldilməsi ilə yanaşı, təhlükəsizliyinə də təminat verib.
F.Todua bu nadir klinikanın Tiflisdə fəaliyyətə başlamasını böyük hadisə adlandırıb, əməkdaşlara uğur diləyib. O, eyni taleli iki ölkənin tezliklə separatizmdən xilas olub ərazi bütövlüklərini təmin edəcəklərinə əmin olduğunu qeyd edib.
Qeyd edək ki, klinikanın rəhbəri məşhur azərbaycanlı cərrah Fərman Ceyranovdur. Onu da bildirək ki, keçmiş AMİP-çi, professor F.Ceyranov Əli İnsanovun səhiyyə naziri işlədiyi dövrdə haqsızlığa uğramış bir insandır. Belə ki, Ə.İnsanov 1990-cı illərin sonlarında F.Ceyranovu Eksperimental Xəstəxananın baş həkimi vəzifəsindən azad edib. O isə öz növbəsində məhkəməyə müraciət edib, işdən qanunsuz çıxarıldığını sübut etməyi bacarıb. Buna baxmayaraq sabiq nazir məhkəmənin F.Ceyranovun işə bərpası ilə bağlı qətnaməsini icra etməkdən israrla boyun qaçırıb.


Şərhlər