Bizi gözləyənlər və izləyənlər

Nemət ORUCOV

2016-cı ilin dekabr ayından sanki yağışdan çıxıb, yağmura düşmüşəm. Az qala kölgəmizdən də şübhələnməyə başlamışıq. Dekabrın sonlarından demək olar ki, hər yerdə eyni adamları görürəm.

Ümumiyyətlə, ötən ilin son günlərində, elə yeni ilin əvvəllərində də eyni saatlarda qarşıma ancaq eyni adamlar çıxır. Dekabr mənə daha çox 2007-2008-ci illəri xatırlatdı. Həmin illərdə də mən tez-tez eyni şəxsləri eyni yerlərdə görürdüm. Hara gedirdimsə, bu adamlar qarşıma çıxırdı. Düşünürdüm ki, əcaba, bunların mənim getdiyim yolların üstündə nə işi var? Ancaq sonradan bəlli oldu ki, hansısa maraqlar onları mənim yollarımın üzərinə atıb. Bu oyunlar sonda öz ali məqsədinə çatdı. Həmin vaxt çalışdığım qəzet bağlandı, hamımız iş yerlərimizi itirdik, dağıldıq, bir-birimizdən ayrı düşdük. Sonradan bir çox dostlarla tale yollarımızı yenidən iş yerlərində, redaksiyalarda birləşdirdi.

Həmin vaxt mən də daxil olmaqla, dostlarımızın əksəriyyətini ötən il işdən qovulan və həbs edilən MTN-çilər sorğu-suala tutaraq, izahatlar almışdı. İndi onların çoxu həbsdədir və etdikləri çoxlu sayda cinayət hadisələrinə görə cavab verməli olacaqlar.

2016-cı ilin sonu bu baxımdan mənə 8 il əvvəli xatırlatdı. Səhər evdən çıxış işə gedərkən, adətən qarşıma Səriyə xanım çıxır, onunla hal-əhval tutduqdan sonra yoluma davam edirəm. Səriyə xanım bizim parkda təmizlik işlərinə baxır və əslində bir çox adam özünə sığışdırıb, ona salam vermək belə istəmir. Onu dəli hesab edirlər.

İkinci qarşıma çıxan taksi sürücüləri olur. Onların bəziləri səmimi salam versə də, bir-ikisi adama oğrun-oğrun baxırlar, sanki şübhəli nəsə etmişəm kimi. Təbii ki, onlara ciddi fikir vermədən yoluma davam edirəm və dayanacağa çatıram...

Artıq bir neçə gündür ki, dayanacaqda eyni adam elə bil ki, məni gözləyir. İlk üz-üzə gələndə dik-dik gözlərimə baxır, daha sonra nəzərlərini məndən ayırıb o tərəf-bu tərəfə var-gəl edir, sanki kimisə gözləyir təsəvvürünü yaradır. Həm də əsəbi görünür. Ucaboylu, kürən, daima paltoda olan və boynunu şərflə bağlayan bu oğlan bizim tərəflərdə dekabr ayından tez-tez peyda olmağa başlayıb. Ora-bura baxmağından, ağır-ağır var-gəl etməyindən adama elə gəlir ki, hansısa xanımın yolunu gözləyir, onu uzaqdan seyr edir, yaxınlaşıb ürək sözlərini deməyə cürəti çatmır. Son zamanlar bu kürən oğlan Ərəbzəngi kimi metroda da qarşıma çıxır.

Çoxları deyir ki, artıq Azərbaycanda adət-ənənələrə ciddi zərbələr dəyib, indi pulun olmasa heç mənzil başına belə çata bilmərsən. Bir neçə gün əvvəl təsadüfən gedib çıxdığım Azərbaycan Nəşriyyatından evə gedərkən, dayanacaqda qarşımda bir avtomobil dayandı. Sürücü pəncərəni endirib dedi ki, gəl otur, mən də düz gedirəm, harda istəsən düşürərəm səni. Təşəkkür edib avtomobil gözlədiyimi dedikdən sonra bu adam heç razı qalmadı. Avtomobilini yavaş-yavaş sürərək sanki güzgüdən məni izləyirdi görsün onu başımdan edirəm, yoxsa həqiqətən kimisə gözləyirəm.

Bu hadisə Biləcəridə də başıma gəlib. Dayanacaqda 202 nömrəli avtobusu gözləyən zaman qəfildən qarşımda bir qırmızı rəngli “Cip” saxlayaraq, təklif etdi ki, ünvanıma çatdırsın. Əsası da bu oldu ki, yolumuz eyni istiqamətlidir. Hərçənd ki, bizim yolumuzun eyni olduğunu onun haradan bildiyi mənə hələ də bəlli deyil. Əslində isə bu adamlar bəlkə də doğrudan da yaxşılıq etmək istəyirlər. Sadəcə öz kölgəmizdən belə şübhəli olduğumuz üçün fikirlərimiz yüz yerə gedib çıxır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar