“Nağıyev qardaşlarına qarşı kin-küdurətlərini mənə tökürdülər”

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə proses keçirilib. Məhkəmə iclasında əvvəlcə T.Qurbanovun vəkili çıxış edərək, müvəkkilinə 10 ay həbs cəzası verilməsini istədi. Ardınca prokuror və Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov replika hüququndan istifadə etdi. “Hamının içində bir vicdan hissi var. Vicdanınızla düşünüb qərar verin ki, Pərviz bu cinayəti eləyib, yoxsa yox. Nəzərə alın ki, hər şey, o cümlədən vəzifə, hətta həyatın özü də müvəqqətidir”, - deyə vəkil vurğuladı. P.Həşimli son sözünü tribunada demək istəsə də, hakim Novruz Kərimov icazə vermədi. O, məhkəmədə son sözünü əlləri qandallı vəziyyətdə söyləmək məcburiyyətində qaldı. Pərviz son sözünə prokurorun çıxışına münasibət bildirməklə başladı:

“Mənim hüquq kitablarında oxuduqlarımla bu prokurorun əməlləri qətiyyən bir-birinə uyğun gəlmir. Hər şeyin, hətta qanunsuzluğun da bir həddi olar. Mən gördüklərimdən dəhşətə gəlirəm, adamların bu dərəcədə şərəfsiz olduğunu təsəvvür eləmirdim. 8 aydır atamı-anamı görmürəm. Amma əvəzində bu səkkiz ayda başqalarının əzablarından, məhrumiyyətlərindən həzz alan şərəfsizlər, vicdansızlar gördüm. Bu cür alçaqlığı hər adam bacarmaz. Prokuror da daxil olmaqla, mənim nəzərimdə bu cür əməllərin sahibi sanki ana südü yox, canavar südü əmiblər... ”

Bu yerdə hakim müdaxilə edərək, P.Həşimliyə bir daha bənzər fikirlər səsləndirəcəyi halda, onun çıxışını dayandıracağı haqda xəbərdarlıq etdi. Bundan sonra Pərviz son sözünü davam etdirdi: “Bura Ağır Cinayətlər Məhkəməsidir. Burada terrorçular, başkəsənlər, başqalarının etibarından sui-istifadə edən dələduzlar və s. ağır cinayət törətmiş adamlar mühakimə olunur. Siz hakimlərdən tələb edirəm, mənə bu cür cinayətkar gözü ilə baxmayın. Mən günahsızlığımı, cinayət törətmədiyimi sübut etdim. Əsl cinayətkarlar MTH-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyev, onun müavini İlqar Əliyev, müstəntiq Elşən Murtuzovdur. Bu adamların məni niyə şərləyib həbs elədiklərini bilirəm və məhkəmədəki ifadələrimdə də demişəm.

Onlar öz düşmənləri hesab elədikləri adamların qisasını məndən alırdılar. Əgər həbsimə bu dərəcədə yerli və beynəlxalq reaksiyalar olmasaydı, məni MTN-də öldürəcəkdilər. Mən bu insanların necə qansız olduğunu gördüm. Mən həbs olunan gün səhərə qədər evlərinə getmədilər. Elçin Quliyev əlini İlham Əliyevin divardakı portretinə uzadıb dedi ki, sənin həbsin üçün razılıq almışıq. Mən yaxşı başa düşürdüm ki, seçkiyə 20 gün qalmışdı, müəyyən adamları ”vurmaq" üçün prezidentə yalan məlumatlar veriblər. Mən onların vədlərinə “hə” deyib razılaşsaydım, hər şey başqa cür olacaqdı. Başıma gətirilənlər barədə bəlkə də susardım, məhkəmədə danışmazdım. Amma məni 20 gün vəkilsiz, təkadamlıq kamerada, fiziki və psixoloji işgəncələr altında saxlayanların əməllərini necə danışmayım? Mənə qarşı bu cür davrananların necə qansız və vicdansız olduğunu necə deməyim? İlqar Əliyev sətiraltı ifadələrlə mənə elə sözlər deyirdi ki, ürəyimə dağ çəkirdi. Həbs olunduğum gün mən onların əlində ola-ola maskalıları evimə göndərdilər. Evimə silahlı hücum təşkil etdilər.

Beş yaşlı uşaq onlara yalvarıb ki, “nə olar, bizi öldürməyin”. Həyat yoldaşım dünyaya gətirəcəyi övladımızı itirdi. İnanmıram ki, həbsimə razılıq verənlər 5 yaşlı uşağın, hamilə qadının üstünə silah çəkilib qorxudulmasına da razılıq vermiş olsun. Dünyada elə bir normal ölkə yoxdur ki, orada dövlət vətəndaşını şərləsin. Təsəvvür edin, bir nazirliyin ali zabit heyətinin generalları vətəndaşın üzünə deyir ki, gördün, sənin torbanı necə tikdik, başına oyun açdıq. Bir gün İlqar Əliyev mənə dedi ki, “sən bu dövləti niyə sevmirsən, biz bu dövlətə xidmət edirik”. Mən dövlətimi sevirəm. Onlarınsa dövlətə xidmət anlayışını qətiyyən anlaya bilmirəm. Dövlətə xidmət həftədə bir adamın evinə, maşınına silah qoyub tutmaqdır? Hər bir şərlənən insanın ən azı 100 nəfər qohumunu, ətrafını dövlətə nifrət etdirmək deyilmi bu? Mən əslində cinayətkarların necə olduğunu gördüm, anladım. MTN-də dəhşətli işgəncələr baş verir, insanları məhv eləyirlər. Azərbaycan prezidenti bayram günlərində xalqa müraciətində vətəndaşlara “bacılarım-qardaşlarım” deyə müraciət edir. Həmin o bacı-qardaşlara divan tuturlar. İl ərzində minlərlə vətəndaşı dövlətdən narazı salırlar. O qədər əzazildilər ki, şərləyib həbs etdikləri insanı ailəsi ilə də təhdid edirlər. Həbsimin 3-cü ayında ailəmin yaşadığı evə yenidən maskalıları yolladılar.

Psixoloji durumumun ağır olduğunu nəzərə alaraq, yaxınlarım, vəkillərim bunu mənə deməmişdi. Ancaq MTN-də Antiterror Mərkəzinin tez-tez yanıma gələn bir əməkdaşı psixoloji işgəncə vermək üçün bunu mənə söylədi. O zaman hansı hisslər yaşadığımı bir Allah bilir. Bir gün İlqar Əliyevdən niyə belə elədiklərini soruşdum. Bildirdi ki, biz araşdırmışıq, onu Əli Nağıyev təşkil edib. Nağıyev qardaşlarına qarşı kin-küdurətlərini mənə tökürdülər. Söhbətlərin birində həm Elçin Quliyevdən, həm də İlqar Əliyevdən soruşdum ki, 5 yaşlı qızımı, anamı, ailəmi gözüyaşlı qoymaqla Allahdan qorxmursunuzmu? Cavabları belə oldu: “Əli Nağıyev bizim dostumuzu həbs elədi, onun da sənin kimi 5 yaşlı uşağı vardı. Biz adama göstəririk ki, hər şeyin əvəzi ödənilir”.

Bununla belə, Nağıyev qardaşlarını vəfasızlıqda günahlandırdılar. Bildirdilər ki, ötən aylar ərzində ailənin problemləri ilə maraqlanmayıblar. Eyni sözləri Cavid Qurbanov barədə də dedilər. Cavabında dedim ki, bunun özü onların mənim qarşımda gözükölgəli olmadıqlarının isbatıdır. Özlərinə əmindilər. Azərbaycanda hər kəs bilir ki, MTN adıçəkilən şəxslərlə uzun zamandır konflikt yaşayır. Məni həbs eləməklə də onları “vurmaq” istədilər. Mən isə Allahın verdiyi güc, iradə sayəsində dayandım. Başqalarına böhtan atsaydım, o zaman mənə böhtan atan Təvəkkül kimi şərəfsizin bir tayı da mən olardım. Tələblərini yerinə yetirmədiyimə görə mənə 8 ayda qan uddurdular. Övladımın şəklini 40 gündən sonra mənə verdilər. Ən dəhşətlisi budur ki, istintaqa nəzarət edən prokurorlar MTN-in qarşısında acizdir. Hüquqlarıma edilən qəsdə, işgəncələrə susurlar, araşdırmırlar".

P.Həşimli dedi ki, əgər mobil operatorlardan arayış alınsaydı, gerçək mənzərə üzə çıxardı: “Onda görərdiniz ki, indiyə qədər nə məndən İrana zəng gedib, nə də İrandan mənə zəng gəlib. Eyni zamanda məlum olardı ki, məndən bu şərəfsizə (Təvəkkül Qurbanovu nəzərdə tutur-red.) bircə dəfə də zəng getməyib, o özü manyak olub, yaxamdan əl çəkmirdi. Yapışmışdı ki, gəl görüşək, sənə sovqat göndərim, sənə qonaqlıq verim. Heyf ki, qorxdunuz, çəkindiniz. Heyf ki, Azərbaycan məhkəmələri müstəqil deyil. Qanunlara hörmət etmirsiniz, heç olmasa, vicdanınızın səsinə qulaq asın. Allahdan qorxun, ədalətli olun.

Mən bu məhkəmənin zirzəmisində əsl cinayətkarlar gördüm. Bir mənzili 5 adama satıb, insanların min bir əziyyətlə qazandığını mənimsəyənlərin rüşvət verib azadlığa çıxanlarını da tanıdım, MTN tərəfindən şərlənərək günahsız yerə həbs olunanları da gördüm. Etmədiyi cinayətləri boynuna qoymaq üçün MTN-də qabırğaları, qolları, biləkləri sındırılan adamları tanıdım, onlarla danışdım. Belələrindən biri ilə bağlı cinayət işi siz Novruz Kərimovun icraatındadır. Allahdan qorxun, MTN-dəki bir qrup adamın cinayətinə şərik olmayın. Onlar üçün anaları, körpə uşaqları gözüyaşlı qoymaq adi haldır. Azərbaycanda müstəqil məhkəmə sistemi olsaydı, dövlət başçısına müraciət etməyə ehtiyac qalmazdı”.

Məhkəmə prosesi 15 may saat 10:00-da davam edəcək.(Musavat.com)