Bu, nağıldakı kimi “biri var imiş, biri yox imiş” sözləri ilə başlamır. Çünki reallıqdır, nağıl yox. Çünki baş verənlərin hamısı antikvar da olsa, həqiqi və rus demişkən, hələ ki, “jivoy” bir mer haqqındadır.
Hansı mer? Hə, qoyun mən deyim, siz özünüz hansı mer olduğunu müəyyənləşdirin. Bu mer saçını süpürgə edib bütün günü Bakını Parisə çatdırmaq üçün əlləşir. O qədər əlləşib ki, Fransa prezidenti Fransua Olland Qız qalasını Eyfel qülləsindən ayıra bilmədi. Deyirəm yaxşı ki, bu Ollandın yolu hər dəfə düzəldib qazdığımız yollardan düşməyib. Yoxsa o nə bilsin ki, biz əvvəl yolu düzəldirik, sonra yadımıza kanalizasiya, boru filan basdırmaq düşür.
Allah üzümüzə baxıb heç olmasa bizim həkimlərimiz yol salanlarımızdan insaflı çıxıb. Siz təsəvvür edin, o yol qədər bir adamı yarıb yenidən tiksəydilər nə olardı?
Əslində bunlar gül-çiçək üçün bütün təcrübəsini və illərini qurban vermiş bir merin tarixçəsinə aiddir. Hamı onun ildə bir dəfə gül alıb, atasının evini yox ha, elə bax bizim gəzdiyimiz və doğulduğumuz şəhərimizi bəzədiyi üçün, qınayır. Ay millət, o “600 milyon” da olsa, canlı “iki-üç” qəpiklik gül alır, daha bəziləri kimi gül üçün heykəl, büst qoydurmur ki… Burada adam üçün deyirlər ki, adamın adı çıxınca, canı çıxsa yaxşıdır. Bizim merin də elə adı çıxdı. Deyilənə görə, bu gün sabah vəzifədən də çıxacaq. Bizim kürsülülər üçün də vəzifədən çıxmaqla, canı çıxmaq elə eyni şeydir...
Bu günlərdə də "Şöhrət ordeni" yaman dəbə düşüb deyirlər. “Kürsülülər” doğum günündə bu ordenlə tətif edilir. Heç nəyə görə yox ha, sadəcə illər əvvəl doğulub deyə... O əvvəl idi, bir orden almaq üçün adamın anasından əmdiyi süd burnundan gəlirdi. İndi demokratiyadır. Əgər ki, altında kürsün var, doğum gününü lap ildə 3-4 dəfə də qeyd etsən, "Şöhrət ordeni" verərlər. Nə bilmişdiz? Axı bizim dövlətimiz xeyirxah, humanist və əliaçıq dövlətdir. Adamı yandırıb tökən də elə budur...
Əslində o "Şöhrət ordeni" kürsülülərə yox, kürsüsüzlərə verilməlidir. Çünki o altında kürsü olanın əgər xətri istəsə, o şöhrət ordenindən 10 dənə alıb döşünə taxar. Rus bazarı burada, kürsülü burada. Nə orden desən rus bazarında var. Lap üzərində “Lenin baba”nın şəkli olan medaldan da var. Yoxsa, altında ən azı 100 minlik maşını, saya-hesaba gəlməyən obyektləri olan bir “kürsülü” "Şöhrət ordeni"ni axı neynir? Bu gün həmin "Şöhrət ordeni"ni korrupsiyanın baş alıb getdiyi təhsildəki müəllimlərə və pul üçün camaatı kəsib doğrayan həkimlərə vermək lazımdır ki, bəlkə onların fəaliyyətini abıra mindirmək oldu. Yox, bizdə hər şey Bəxtiyar Vahabzadə demişkən, tərsinə dövran edir.
Biz evi də, ordeni də, maşını da, vəzifəni də elə məhz kürsülüyə veririk. Çünki indi insanın elə insanlar içində ilk şəxsiyyət vəsiqəsi onun kürsüsüdür. Rus demişkən, “prob” elə o kürsüdən bir günlük en aşağı. Gör adamın başına nə gətirirlər….
Yazıq nazirlərimiz neynəsin, bunu bildikləri üçün, hərə öz kürsüsünü elə bərk-bərk qucaqlayıb ki, yaşlarının 80-ni haqladıqlarını da unudublar… Ona görə də, gözümüzü yumub, yolumuza davam etməkdən başqa çarəmiz yoxdur. Çünki biz kasıbların xətri "Şöhrət ordeni" istəyəndə, yolumuzu rus bazarından salırırq. Qoyun şöhrət ordeni də, elə lap şan-şöhrət də şöhrətliləri şöhrətləndirsin!

Şərhlər