Mayın 15-də “İrşad” oteldə “XXI Əsr” təhsil mərkəzi İctimai Birliyinin tədbiri keçirildi. Tədbirdə birliyin Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnnovativ təlim metodları və texnologiyaların tezaurusunun yazılması” layihəsi çərçivəsində hazırladığı “İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” kitabının təqdimat mərasimi baş tutdu.

Tədbiri layihənin rəhbəri və tərtibatçı-müəllif, fəlsəfə doktoru Etibar Əliyev açıq elan edərək, ilk növbədə təhsil problemlərindən danışdı. Müxtəlif məsələlərə toxunan ekspert innovativ təlim metodları və texnologiyaların tezaurusunun hazırlanmasının önəmini vurğuladı. Tezarus termininin açıqlamasını verən E.Əliev yunan dilindən tərcüməsini səsləndirdi: “Tezaurus yunanca xəzinə deməkdir, hər-hansı bilik sahəsi haqqında açar, mühüm söz və anlayışlar formasında sistemləşdirilmiş göstəricilərin məcmusudur. Tezaurusda söz və anlayışlar adi izahlı lüğətlər və ensiklopediyalardan fərqli olaraq, əlifba sırası və formal ardıcıllıqla deyil, məzmun yaxınlığı, assosiativ və konseptual bağlılıq qaydası ilə yerləşdirilir”.

Azərbaycanlı orta məktəb şagirdlərinin beynəlxalq səviyyədə tədris göstəricilərinin aşağı olması problemindən söz açan mütəxəssis, bu durumdan qurtulmaq üçün işlək mexanizmlərə gərək duyulduğunu bildirdi. Funksional savadsızlığın aradan qaldırılması üçün bir sıra alternativ tədris metodlarından istifadənin önəmini qeyd etdi.

Daha sonra kitab haqqında məlumat verən E.Əliyev bildirdi ki, “İnnovativ təlim metodları və texnologiyaların tezaurusu” kitabı giriş daxil olmaqla 23 paraqrafdan ibarətdir. Dünyada tanınmış təhsil ekspertlərindən, onların təcrübələrindən danışan E.Əliyev pedaqoqları bu metodlara yiyələnməyə səslədi.

Daha sonra qonaqlara söz verən E.Əliyev sərbəst diskussiya formasında tədbirin davamına start verdi.

Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayev ilk növbədə E.Əliyevi təbrik edərək, təhsil problemlərinin ardan qaldırılmasında hər kəsin əmək sərf etməsinin gərəyini vurğuladı.

Müəllimlər üçün Azərbaycan dilində elmi ədəbiyyatın çox az olmasını xüsusi qeyd edən sektor müdiri bu kimi kitabların təhsil sistemində əhəmiyyətli yer tutduğunu dedi.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də bu işlərin davamlı şəkildə keçirilməsinin tərəfdarı olduğunu bildirdi.

Kitabın ərsəyə gəlməsi münasibətilə E.Əliyevi təbrik edən professor, tele-tənqidçi Qulu Məhərrəmli də təhsil sahəsindəki problemlərdən danışdı.

“Qaranlığı söyməkdənsə ora bir şam yandırıb qoymaq lazımdır”-deyən, Q.Məhərrəmli bu problemlərdən çıxış kimi insanları hansısa şüarı deyib kənara çəkilməməyə, tənqidlərdən sonra fəal çalışmağa səslədi. Kitabın sonluğunda müəyyən terminlərin açıqlaması əks olunan lüğətin çox yaxşı üsul olduğunu qeyd etdi.

AMEA-nın nümayəndəsi Aynur Bağırzadə də kitab barədə söz açaraq, valideyn-müəllim münasibətlərindən danışdı.

Qeyd edək ki, 300 tirajla çap olunmuş kitab orta məktəb müəllimləri, orta məktəblərin yuxarı sinif şagirdləri, ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulur.(Musavat.com)