Menu

RUSİYA AMERİKAYA RƏQİBDİRMİ? – İkinci “soyuq müharibə” və nüvə silahı

16.05.2014, 00:21
RUSİYA AMERİKAYA RƏQİBDİRMİ? – İkinci “soyuq müharibə” və nüvə silahı

ABŞ-ın nüfuzlu “The National İnterest” jurnalı ehtimal olunan ikinci “soyuq müharibə” ilə bağlı maraqlı analitik məqalə dərc edib. “Azpolitika.info” “Soyuq müharibə və yeni qarşıdurma” adlı məqalənin tərcüməsini təqdim edir:

Ukraynada döyüşlərin gücləndiyi və separatçıların müstəqillik məsələsi ilə əlaqədar referendum keçirdikləri bir vaxtda ABŞ, Avropa, Rusiya və başqa ölkələrin müşahidəçiləri Amerika ilə Rusiya arasında yeni “soyuq müharibə”nın başlanmasının mümkünlüyü haqqında fikirlər irəli sürürlər.

Bu konfrantasiya ikinci əsl “soyuq müharibə”yə çevrilə bilərmi və yoxsa o başqa xarakter alacaq? Aşağıda sadaladığımız yeddi əsas məqam onu göstərir ki, Vaşinqton ilə Moskvanın arasındakı konfliktin uzun müddətli olması halında heç də hər şey gözlənildiyi kimi getməyəcək. Bu məqamların bir çoxu ABŞ üçün xeyirli olsa da, bəziləri bunun əksinə olaraq onun ziyanınadır. Bu məqamlardan biri isə fəlakətlə nəticələnə bilər.

ABŞ üçün xeyirli ola biləcək məqamlar

1. ABŞ və Rusiya artıq bərabər səviyyəli rəqiblər sayılmır.

Rusiya özünü əvvəlki kimi Amerikaya bərabər olan böyük güc hesab edə bilməz. ABŞ-ın ümumi iqtisadiyyatı Rusiyanınkından səkkiz dəfə, hərbi büdcəsi isə yeddi dəfə böyükdür. Bundan əlavə bir çox çətinliklərə baxmayaraq “soyuq müharibə”dəkindən fərqli olaraq, indiki beynəlxalq arenada ABŞ daha güclü oyunçudur. Həm də ki, texnoloji sferada irəlidədir və geniş enerji resursları ehtiyyatına malikdir. Rusiya iqtisadiyyatı resessiyaya qərq olub və bu ölkə kapital axını ilə üz-üzə qalıb. Sovet İttifaqı kimi Rusiya Qərblə uzunmüddətli konfrantasiyaya tab gətirə bilməz. Yəni “soyuq müharıbə” 70 il davam etməyəcək.

2. Hələlik Rusiya cəlbedici alternativ ideologiya hazılaya bilməyib.

Düzdür, Moskva silah partiyaları paylamaqla və maliyyə yardımları ilə özünə müəyyən dostlar qazanıb. Bu isə ideologiya sayıla bilməz. SSRİ həqiqətən də populistik sosializm ideyalarından istifadə edərək xeyli avtoritar liderləri ruhlandıra bilirdi. Bu ideyalar xalqların onun baş tutmayacağını anlamasına qədər cəlbediciliyini qoruyurdu. Ancaq Rusiya hələlik özünə tərəfdar toplaya biləcək ideyaya malik deyil. Rusiya prezidenti Vladimir Putin Qərbin liberal hücumlarına qarşı konservativ sosial dəyərləri fəal müdafiə edir. Qeyri-Qərb ölkələrinin liderləri üçün bu cəlbedici ğörünə bilsə də, hələlik Putinin mövqeyi hər hansı siyasi rezonans yaratmayıb.

ABŞ üçün xeyrli olmayan məqamlar

3. Qloballaşma və yeni texnologiyalar qarşılıqlı ziyanların vurula biləcəyi ehtimalını artırır.

Müasir dünyada hər şeyin qarşılıqlı, hərtərəfli əlaqədə olması insanlara yaxşı işlər görməklə bərabər, zərərverici addımlar atmağa da imkan verir. Daha dəqiqi isə qloballaşma və texnologiya zəiflərə də müəyyən güc qazandırır. Belə bir xoşagəlməz reallıq da vardır ki, qloballaşma və texnologiya əksəriyyətə quruculuq istiqamətində yardım edirsə də, dağıtmaq imkanını da yüksəldir. Beləki, Rusiya yeni texnologiyadan istifadə edərək təxribatçılıqla Amerika və Avropaya qarşı kiber-hücumlardan istifadə edə bilər.

4. Regional güc statusu mütləq olaraq zəiflik əlaməti deyil.

Prezident Barak Obama istehza ilə Rusiyanı “regional güc” adlandırsa da, bu Moskva üçün elə də böyük problem deyil.

Birincisi, SSRİ-dən fərqli olaraq Rusiya öz boynuna qlobal məsuliyyət götürməyib. Ona görə də onlar bütün imkan və resurslarını qonşularla münasibətlərini araşdırmaq yolunda konsentrasiya edirlər.

İkincisi, məkan və zaman faktoru böyük əhəmiyyət kəsb edir. Rus ordusu Qərb hərbi dairəsində böhran zonasına yaxında toplanıb. ABŞ hərbiçiləri isə hadisə yerindən uzaqdadırlar.

5. Birinci “soyuq müharibə”nin öz qaydaları vardı. Ancaq ikincisininki isə yoxdur.

Soyuq müharibənin axır məqamında ABŞ və SSRİ nüvə raketləri üçün mürəkkəb sistemlər və siqnal qaydaları hazırlamışdılar və bunlar risklərin azalmasına yardım edirdi. İndi belə sistemlər yoxdur. Əgər ABŞ və Rusiya yeni “soyuq müharibə”yə girsələr, bu özü ilə bərabər yeni qaydaların yaradılması prosesində xeyli səhvlərə də yol açacaq. Təkcə indi Rusiya və ABŞ-da minlərlə nüvə raket başlıqları, kiber silahlar, hədəfi dəqiq vura vuran raketlər mövcuddur.

6. Geopolitik vəziyyət başqa cür olacaq.

“Soyuq müharibə” dövrü ABŞ və SSRİ arasındakı ikiqütblü qarşıdurma ilə yadda qalıb. Həmin dövrdə bir çox ölkələr hər hansı bir gücün tərəfində durmaq məcburiyyətində qalmışdı. ABŞ öz ətrafında Avropa, Yaponiya kimi qüvvətli tərəfdarlar toplamışdı. Riçard Niksonun səyləri nəticəsində Pekinlə Moskva arasında mübahisə yarandığından Çin də Amerikaya yaxınlaşmışdı. İndi vəziyyət tam olaraq keçmişdəki kimi deyil. Rusiya ilə istənilən qarşıdurma Çin, Avropa və digər ölkələrlə münasibətlərdə xoşagəlməz geopolitik qarşıdurmaları üzə şıxara bilər. Pekinə gəlincə isə xeyli ekspertlər Çin tərəfindən Moskvanın şifahi də olsa müdafiə edilməməsini praktik baxımdan onların Rusiya tərəfdə dayanmadıqları kimi də qiymətləndirirlər. Amma bütün bunlara baxmayaraq, əgər Çinli şirkətlər “Gazprom” və “Novateklə” çoxmilyonlu müqavilələr imzalayarlarsa onda Çin Xarici İşlər nazirinin Krımın ilhaqı ilə əlaqədər Rusiyanı müdafiə edib- etməməsinin artıq Moskva üçün elə də əhəmiyyəti qalmayacaq. Belə olan təqdirdə Vaşinqtonun Çinə qarşı praktik olaraq hər hansı bir etiraz etməsinə və vəziyyətin gərginləşdirilməsinə yer qalmayacaq. O ki qaldı Avropaya, indi demək olar ki, onlar müəyyən mənada tələyə düşmüş kimidirlər. Bir tərəfdən öz siyasətlərinin köməyi ilə Rusiya ilə inteqrasiya qurublar. Bunun nəticəsidir ki, Avropa ilə Rusiya arasında dərin iqtisadi əlaqələr şəbəkəsi yaranıb. Ancaq Rusiya ilə ABŞ arasında indiyədək nə bu cür iqtisadi əlaqələr, nə də ki, siyasi sferada qarşılıqlı anlaşma vardır.

Nəticədə Avropanın böyük (Qərbi Avropanın) və kiçik (Şərqi Avropa) iqtisadiyyatı təhlükəsizlıkdən başqa potensial risklər də görür və özünü çox narahat hiss edir. Avropalıların çoxu ürəklərində Vaşinqtonun sərt siyasətini müdafiə etsələr də, tez və ya gec “soyuq müharibə”nin nəticələri haqqında düşünməyə də başlayacaqlar.

Fəlakətli nəticələr yarada biləcək məqamlar

7. Nüvə silahı tamamən ayrı bir rol oynaya bilər.

Bir-birini qarşılıqlı məhv etmək imkanına malik olmaları ABŞ və SSRİ arasında açıq hərbi konfliktin qarşısını alırdı. Amma gələcəkdə bu Vaşınqton ilə Moskva arasındakı konfliktin qarşısını ala biləcəkmi? Sualın cavabı isə hələlik tam aydın deyil. Bu yeddi fərqli məqam onu göstərir ki, Rusiya ilə gələcəkdəki qarşıdurma nəticəsində yarana biləcək yeni “soyuq müharibə” qısa olsa da maliyyə baxımından daha artıq xərc tələb edəcək. Digər yandan isə bu proses Amerikaya bərabər rəqib ola biləcək Çinin reaksiyasından asılı olaraq daha ciddi nəticələr törədə bilər. Ona görə də belə yola baş vurmazdan əvvəl Amerikan məmurlarının ciddi şəkildə düşünmələri lazımdır.

Tərcümə etdi: Vaqif Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol