Mayın 16-da prokuror iş istəyəcək

Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə ABŞ və Almaniya səfirliklərinin nümayəndələri də iştirak edib.

Məhkəmə başlayan kimi vəkil Fariz Namazlı bir sıra materialların sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb. Vəkilin xaric olunmasını tələb etdiyi sübutlar sırasında iş üzrə zərərçəkmiş qismində tanınan Həsən Həsənovun ifadəsi, onun Anar Məmmədli və Bəşir Süleymanlıya qarşı polisə yazdığı şikayət ərizəsi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dsətəyi Şurası ekspertlərinin birgə hazırladığı yoxlama aktı və sair sənədlər var. Vəkil vəsatətini belə əsaslandırıb ki, Həsən Həsənovun ifadəsi həm təqsrləndirilən şəxslər, həm Samir Kazımlının məhkəmədə söylədikləri ilə təkzib olunur. Onun polisə ünvanladığı çikayət ərizəsinin bu cinayət işinə heç bir aidiyyəti yoxdur. Anma istintaq materiallarına əlavə olunub.

Vəkil həmçinin 20-yə yaxın şəxsin adını zərərçəkmişlər siyahısından çıxarılmasını istəyib. Bildirib ki, həmin şəxslər özləri məhkəmədə ifadə verərək heç bir ziyan çəkmədiklərini, özlərini də zərərçəkmiş saymadıqlarını bildiriblər. Yoxlama aktına gəlincə, Fariz Namazlı bu sənədin əsassız və qanunsuz olduğunu deyib. Qeyd edək ki, bu vəsatəti digər vəkillər də imzalayıblar. Prokuror vəsatətin əleyhinə çıxıb. Elə məhkəmənin də vəsatətlə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub, vəsatət təmin edilməyib.

Ardınca hakim Rauf Vəliyev tərəflərin mövqeyini öyrənərək məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Məhkəmə bu gün saat 14.00-da davam edəcək.