AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) yeni qitələrarası ballistik raketini sınaqdan keçirib.
Çinin 10 nüvə başlığı daşmaq qabiliyyətinə malik DF-5S ballistik raketlərinin yeni versiyası dünyanın nüvə gücləri arasındakı pariteti dəyişə bilər.
Pentaqon hesab edir ki, bu, Pekinin strateji nüvə siyasətində «dramatik dəyişiklikdir». Uğurlu sınaq barədə Amerikanın «The Washington Free Beacon» nəşri xəbər verib.
Raket Tayyüan kosmodromundan buraxılıb, yerə düşmə nöqtəsi isə Çinin qərb bölgəsində yerləşən Təklə-Məkan səhrası olub. Təffərüat barədə məlumat yoxdur, ancaq Amerika tərəfinin məlumatına görə, əməliyyat uğurlu olub və raket özü ilə bir-birindən ayrı yerləşdirilmiş 10 döyüş başlığı daşıyıb. Bu məlumat Çinin nüvə siyasətinin prioritetlərinin dəyişməsindən xəbər verir. Belə ki, uzun müddət ərzində Çinin nüvə başlıqlarının sayı 250 səviyyəsində saxlanırdı.
Böyük ehtimalla, Çin özünün nüvə potensialını artırmağa hazırlaşır. Hələlik isə Çinin nüvə silahının əsasını 20 ədəd DF-5 raketinin A və B modifikasiyası təşkil edir. DF-5A raketləri 4-5 meqaton gücünə malik monoblokla təchiz olunub. DF-5B isə hər biri 1 meqaton gücə malik 3-8 başlıq daşıya bilir. Həm də DF-5B-dən istifadə imkanları barədə yalnız 2015-ci ildə fikir səsləndirilib.
Bir raketlə 10 döyüş başlığının daşınması imkanlarını hesaba almaqla, ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə Çin nüvə döyüş başlıqlarının sayını 800 ədədə çatdırmaq niyyətindədir və ya artıq bunu vaxtından əvvəl edib. Hələlik isə maye yanacaqla işləyən DF-5 raketlərinin bircə çatışmazlığı var - onların yanacaqla tam təchiz olunması 1,5-2,0 saat vaxt aparır.


Şərhlər