Naxçıvanın məşhur göycəsinin satışı bir sıra yerli məmurlar tərəfindən ələ keçirilir.Bu məlumatı virtualaz.org saytına Naxçıvan sakinləri veriblər. Sakinlərin sözlərinə görə, bəzi yerli məmurlar Naxçıvan göycəsinin satışını öz nəzarətləri altına alıblar. Bununla da şəhər və kəndlərdə göycə satışı ilə məşğul olanların bazarını bağlayıblar. Bazara göycə satmağa gedən sakinlər orta ranqlı həmin məmurlar tərəfindən qadağalarla qarşılaşıblar. Onlara məhsulu bazara çıxarmağa icazə verilmir. Həmin şəxslər yerli camaatdan göycəni bazar qiymətindən qat-qat ucuz alaraq yerli bazara çıxarmağa və ya Bakıya göndərməyə başlayıblar. Sakinlər deyrilər ki, bu qadağa ilə bu ildən qarşılaşıblar.

Qeyd edək ki, Naxçıvanın məşhur göycəsi Bakıda da çox populyardır və onun yaxşı bazarı var. Özü də çox baha qiymətə satılır. Amma bu məhsulu Naxçıvandan Bakıya gətirmək hər kəsin işi deyil. Görünür, bu inhisarçılıq da həmin məhsulun bazarının gur, qiymətinin yüksək, bu işdəki qazancın çox olması ilə bağlıdır.

Sakinlər onu da əlavə edirlər ki, əvvəllər kəndlərdən gətirdikləri məhsulları Naxçıvan şəhərində binaların qarşısında da sata bilirdilər. Sonradan buna qadağa qoyulduğundan şəhərdə müəyyən edilmiş 2-3 bazarda satmağa imkan tapırdılar. İndi isə bəzi məmurlar bunun da qarşısını almağa çalışırlar. Bu məlumatı verən mənbələr çarəsiz qalan kəndlilərin öz bağının məhsulunu gizlicə satmağa çalışdıqlarını deyirlər.