«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni daxili təhlükəsizlik naziri Con Kelli bəyan edib ki, Meksika ilə sərhəd boyu divarın tikintisi iki il müddətində başa çatdırılacaq. Bu, Prezident Donald Trampın seçkiqabağı vədlərindən biri idi.
«Fox News» telekanalına verdiyi müsahibədə Kelli bəyan edib ki, divarın tikintisinə yaxın ayarda başlanacaq. Onun sözlərinə görə, əvvəlcə divarın fraqmentləri sərhədin daha çox problemli sahələrində tikiləcək, sonra isə faqmentlər birləşdiriləcək.
Kelli deyib ki, bəzi yerlərdə divar faktiki baxımdan, virtual olacaq - fiziki maneələrin əvəzinə, ən azı ilk dövr üçün, burada sərhədə nəzarət etmək üçün yüksək texnologiyalı qurğulardan istifadə olunacaq.
Nazirin sözlərinə görə, divarın ucaldılması üçün lazım olan maliyyə vəsaiti artıq yaxın vaxtlarda ayrılacaq. Ancaq nazir konkret olaraq, bu vəsaitin haradan və hansı həcmlərdə əldə olunacağını dəqiqləşdirməyib. Trampın özü demişdi ki, divarın tikintisinin xərclərini Meksika ödəyəcək, ancaq Meksika bundan imtina edib.
Meksika ilə sərhəddə «böyük və gözəl divar»ın ucaldılması Trampın seçkiqabağı məşhur vədlərindən biri olub. Vəzifəsinin icrasına başlayan kimi o, gerçəkdən həmin divarın tikintisini nəzərdə tutan fərman imzaladı.
Fərman eyni zamanda, sərhədə nəzarət sahəsində əlavə 10 min yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Prezident bəyan edib ki, bu divar ABŞ ərazisinə Cənubi Amerikadan qeyri-leqal miqrantların və narkokartellərin daxil olmasının qarşısını alacaq.


Şərhlər