Azərbaycan Avropa İttifaqı qarşısında üzv ölkələrə qanunsuz köçən vətəndaşların geri qaytarılması və bununla bağlı digər məsələlərlə əlaqədar yeni öhdəliklər götürür. Bu, mayın 19-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası(geri qaytarılma) haqqında” sazişdə əksini tapıb. “Media forum” saytının məlumatına görə, sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür. Sazişdə göstərilir ki, Avropa ittifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

Rəşid Hacılı: «Avropa Birliyi qanunsuz miqrantlarla bağlı problemlərini həmin şəxslərin vətəndaşı olan ölkələrlə bölüşmək istəyir»

Media Hüquqları İnstitunun direktoru Rəşid Hacılının belə bir qanunun qəbulu Avropa Birliyi ölkələrində qanunsuz yaşayan Azərbaycan vətəndaşlarını geriyə qaytarmaq barədə hökumətin öhdəlik götürməsidir. R.Hacılının fikrincə, Azərbaycan hakimiyyətinin belə bir öhdəlik götürməsi ilə AB-ı qanunsuz miqrantlarla bağlı problemlərini həmin şəxslərin vətəndaşı olan ölkələrlə bölüşmək istəyir: «Avropa Birliyi hazırda qanunsuz miqrant axınlarıyla bağlı problemlər yaşayır. Dünyanın müxtəlif yerlərindən, xüsusilə keçmiş sovet ölkələrindən minlərlə şəxs qanunsuz yolla yaşayış səviyyəsi, tibbi xidmət, təhsil səviyyəsi yüksək olan, qanun və ədalətin daha yaxşı təmin olunduğu Avropa Birliyi ölkələrinə hər hansı yolla olur-olsun mühacirət etmək istəyirlər. Qanunsuz miqrantları geriyə öz ölkələrinə qaytarmaq Avropa Birliyinə xeyli baha başa gəlir və hüquqi baxımdan da xeyli problemlər yaradır. Amma öz ölkələri qəbul edib öz vətəndaşlarını yerləşdirdiyi təqdirdə onları geri qaytarmaq asanlaşır. Ona görə Avropa Birliyi bu məqsədlə bu ölkələrlə ikitərəfli belə müqavilələr bağlamağa çalışır».