"Mahmud Həmzəyevin tikdiyi villaların şəklini mətbuata verə bilərəm"
“Mahmud Həmzəyev danışsa, özü-özünü həbsə apara bilər”. Bu sözləri “Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Mahmud Həmzəyevin Azərbaycan Silahlı Qüvvələrində heç də yaxşı əməlləri ilə yadda qalmadığını bildirib:
“Mən Mahmud Həmzəyevin belə qeyri-ciddi açıqlama verməsinə təəccüblənirəm. Necə yəni kimsə onu qabağa çəkmək istəyirdi. Əslinə qalsa, Mahmud Həmzəyev unudulmuş bir generaldır. Mahmud Həmzəyev danışmasa, daha yaxşı olar. Onun danışması ancaq ziyanına işləyər. Azərbaycan Silahlı Qüvvələrində onunla bağlı heç də yaxşı fikir formalaşmayıb. Vəzifə məsələsinə gəlincə isə o, elədiyi qanunsuzluqlara görə cavab verməlidir. Fikrimin üstündə yenə də dayanıram ki, Mahmud Həmzəyev Azərbaycan Silahlı Qüvvələrində general adına yaraşmayan bir sıra hərəkətləri ilə yadda qalıb”.
Hərbi ekspert generalın yenidən vəzifəyə qaytarılmayacağını söyləyib:
“O etdiyi hərəkətlərindən, deyəsən, xəbərsizdir. Lənkəran şəhərində əxlaq qaydalarına uymayan bir qadının vasitəsiylə ehtiyatda olan bir zabitin evini əlindən aldı. İkincisi, Mahmud Həmzəyevin tikdiyi villaların şəklini istəsəm, sabah mətbuata verə bilərəm. Villanın borularının hamısı döyüş bölgəsindən gətirilən tikinti materiallarıdır. Mahmud Həmzəyev danışdıqca özü-özünü pis vəziyyətə qoyur. Amma düşünmürəm ki, onu vəzifədə irəli çəkmək istəyirlər. Mahmud Həmzəyevin orduya qayıtması onun özünün sağlamlığı üçün ziyandır. Əvvəla, yaşı həmin yaş deyil. İkincisi, gedib dincəlsin, qoy yol cavan nəsillərə verilsin. Hesab edirəm ki, Mahmud Həmzəyev danışmağı ilə özünü həbsə apara bilər. Onun fəaliyyəti ilə bağlı çoxlu suallar gündəmə gələ bilər. Ona görə də məsləhət deyil. Hər halda etdiyi günahlara görə dua etsin ki, Allah təala onun günahlarını bağışlasın”.
Qeyd edək ki, bir müddət öncə mətbuatda Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyevin 3 aylıq müddətə həbs olunması ilə bağlı informasiya yayılmışdı. “Aznevs.az”a açıqlama verən general məlumatın nazirlikdə onu istəməyən şəxslər tərəfindən yayıldığını bildirib. O, bu anti-təbliğatın yaxın günlərdə yenidən orduya qaytarılma məsələsi ilə əlaqədar olduğunu söyləyib.
Onu da xatırladaq ki, M.Həmzəyev 2009-cu ildə ordudan təxris olunub. Onun hazırda 66 yaşı var.
- See more at: http://axar.az/news/18461?fb_action_ids=786916437987843&fb_action_types=og.likes#sthash.VVGbIJy9.dpuf

Şərhlər