Saxtakarlığı təsdiqləyən sənəddə “Azərenerji” prezidentinin xanımının imzası var

(əvvəli üçün bax: "PİRVERDİYEVİN 2,3 MİLYONLUQ VİLLASI İLƏ BAĞLI ŞOK FAKTLAR" adlı məqaləyə)

- Sövdələşməyə pirverdiyevlərdən kimlər gəlmişdi?

- Əvvəl Pirverdiyevin yoldaşı öz qardaşı Hikmətlə gəlib baxmışdı. Sonra Etibar Pirverdiyevlə Hikmət gəldi. Onda razılaşdıq, evi 2.3 milyon manat qiymət elədik. Banka borcum çox idi, əşyaları da qoymağa yerim yox idi. Evdən çıxandan sonra da bir müddət kirayədə yaşadım. 100 min manata da əşyaları danışdıq.

- Hansı əsasla “Express” bankın Pirverdiyevə məxsus olduğunu deyirsiniz?

- Belə eşitmişdim. Ondan əvvəl qohumum dedi ki, Hikmətlə danışmışam, söz verib ki, banka olan borclarına görə sənə güzəşt edəcəklər. Deyiblər ki, əlavə sanksiyaları üzərimdən götürəcəklər. Onda başa düşdüm ki, həqiqətən də bank özlərinindir. Mən ona görə qiymətdə də razılaşmışdım. Müqavilə bağlanandan, alqı-satqı bitəndən sonra mənə yaranan borclarımda köməklik göstərmədilər, bankın işinə müdaxilə etmədiklərini dedilər.

- Hikmət nəyə əsasən bankla bağlı kömək edəcəyini deyirdi?

- Bilmirəm, əmim oğluna demişdi.

- Özü nə işlə məşğuldur?

- Xırdalanda bir idarəsi var, müdir işləyir.

- Pulu nağd ödədilər, yoxsa bankdan?

- Hikmət mənə 1.5 milyon manat nağd verdi, 800 min manatı isə “Kapitalbank” vasitəsilə ödədi.

- Evi 2.3 milyon manata satıb niyə 800 min manata rəsmiləşdirdiniz?

- Onlar nağd verdikləri pula mən borclarımı ödədim, sonra əldə qalan pul bank vasitəsilə verildi.

- Qiyməti az göstərməyi tərəflərdən kim istədi?

- Bu iki tərəfin də razılığı ilə oldu. Orda göstərilən rəqəm bizim üçün maraqlı deyil. Amma, müqavilədə onların hamısı göstərilməliydi. Bunun bir əhəmiyyəti yoxdur.

- Hüquqi nümayəndəniz qəzetimizə müraciətində burada vergidən yayınma məqsədi olduğunu deyib...

- Fəqan müəllim o xırdalıqları bilməyib.

- Hüquqşünasdır axı. O vəsaitdən vergi ödəndi?

- O vəsaitdən vergi ödənməməlidir axı.

- Siz fikirləşirsiz ki, alqı-satqı əməliyyatından vergi ödənməməliydi?

- Mən məcbur olub evimi satıram, niyə vergi ödəməliyəm?

- Evin satışından gəlir götürmədiniz?

- Mən gərək oturub evin smetasını çıxaram.

- Aldığınız pulun nə qədərini banka borc şəklində ödədiniz?

- 1 milyon manata yaxın. Yaxınlarıma da bir qədər borcum vardı, onları da qaytardım. Özümə ev aldım, təmir elədim. Onda da banka “girdim”. Hazırda banka yenə 65 min manat borcum var, krediti bağlaya bilmirəm. 3 aydır da faizi ödəmək imkanım yoxdur. İndi biznesim də çöküb. Aylıq 3200 manat civarında faiz borcu üst-üstə yığılır. Borc 100 min manat idi, maşınımı satdım. Bir hissəsini verdim. İndi satacaq bir əmlakım da yoxdur ki, aparıb ödəyim. Evi satandan sonra bir neçə dəfə Hikmətlə telefonla danışmışam. Demişəm ki, ya pulu versin, ya da əşyalarımı. Mən ordan çıxanda evimdən sadəcə bir çilçıraq götürmüşdüm. Ona görə Hikmət məni tənbeh elədi. Dedim, çilçırağın pulunu götür, qalanını qaytar. O, isə mənə əmim oğlundan xəbər göndərdi ki, evə əlavə xərc qoyub, təmir işləri görüb. Yəni ki, o vəsaiti vermək istəmirlər.

- Sizcə 2.3 milyon manatı ödəyən Etibar Pirverdiyev 100 min manatı ödəməkdən niyə qaçsın ki? Nə məqsədlə verməsin?

- Məncə, evə o qədər pul verən adam istəməz ki, onun mülkündə kiminsə gözü qalsın, halallıq olmasın. Bizim bu işdə qarmaqarışıqlıq salan Hikmət oldu. Fikrimcə, Pirverdiyev Hikmətə o pulu verib. Mən bir neçə dəfə “Azərenerji” prezidentinin qəbuluna düşüb, problemi ona demək istəmişəm. Amma buna nail ola bilmədim. Mənim Etibar müəllimə iradım yoxdur, yəqin ki, o pulu ödəmiş olar. Ona çatdırmaq istəyirəm ki, bəlkə ola bilsin, Hikmət mənim pulumu vermir.

- Problemi qəzetə çıxartdınız. Hüquqi müstəviyə daşımaq niyyətiniz var?

- Mən istəyirəm sakitlikə həll olunsun. Borclarını versinlər, borclarımı qaytarım.

- Pirverdiyevin evini tanıyırsız, vaxtilə də qonşunuz olub. Niyə evinə gedib, özü ilə danışmırsız?

- Kimdir məni ora buraxan? Hər adam onun evinə gedə bilməz, asan deyil. Mühafizəsi də var.

- Qonşularınızla qonşuluq edirdiniz? Eşitdiyimə görə ordakıların çoxu məmur, iş adamlarıdır. Milyonçular qonşuluq edirlər?

- Yox. Orada kim-kimlə qonşuluq edir ki?! O məhəllədə tanınmış adamlar çoxdur.

Müsahibimin hüquqi təmsilçisi məhkəməyə müraciət edəcəklərini dedi. Bildirdi ki, əmlakı geri istəyəcəklər. Müvəkkilinin qorxusunu isə sıravi vətəndaşların yüksək çinli məmurlardan çəkinməsi ilə izah edir.

596700 manat vergini ödəməmək kimin daha çox xeyrinə oldu?

Əslində bu konfliktdə maraq doğuran bir tərəfdən yüksək çinli dövlət məmurunun 2 milyon manatdan artıq bir mülkə necə sahiblənməsidirsə, digər tərəfdən alqı-satqının rəsmi olaraq əhəmiyyətli şəkildə azaldılmasının səbəbidir. Qiymətin realdan 3 dəfə az göstərilməsi tərəflərdən hansına daha çox sərfəliydi? Məncə hər ikisinə. Amma, ilk növbədə E.Pirverdiyevə. Çünki, “Azərenerji” prezidenti yaxşı bilirdi ki, onun 2.3 milyon manatlıq mülk əldə etməsi cəmiyyətdə xeyli suallar doğura bilər. Hər halda 800 min manat milyon deyil. Doğrudur, biz onsuz da bu ölkədə məmurların hər şeyin ən gözəlinə sahib olması ilə barışmışıq. Amma, yenə də bəziləri özlərini sığortalamağa çalışırlar. Ona görə də real rəqəmin sənədlərdə əks olunmaması Pirverdiyevin özü üçün daha məqsədəuyğun idi. Yuxarıda E.Məmmədov və hüquqi nümayəndəsinə vergi öhdəlikləri ilə bağlı sual vermişdim. Amma, təəssüf ki, cavablar vergi qanunvericiliyinə uyğun deyildi. Bu məsələdə tərəflərdən hansının vergi öhdəliyinin olduğuna Vergilər Nazirliyinin “195 vergi xidməti”nin əməkdaşına suallar verməklə aydınlıq gətirdim:

- Mən evimi satıram. Daşınmaz əmlak satıldıqda nə qədər vergi ödənir və vergini hansı tərəf ödəyir?

- Vergi Məcəlləsinin 102.1.9-cu maddəsinə görə, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. 3 ildən az müddət əsas yaşayış yerinizi təqdim edirsinizsə, bu zaman vergi ödəyicisi kimi qeydiyyata alınıb həmin satdığınız daşınmaz əmlaka görə vergi ödəyəcəksiz. 3 ildən çox yaşamısınızsa, vergi öhdəliyiniz yaranmır.

- Alıcı necə, vergi ödəməlidir?

- O sizə evin pulunu ödəyir, ondan pul çıxır. Nəyə görə vergi ödəməlidir? Vergi gəlir əldə ediləndə ödənməlidir.

- Əgər evdə 3 ildən az yaşamışamsa və vergi öhdəliyim yaranırsa, satışın neçə faizini vergi şəklində ödəməliyəm?

- Yenə Vergi Məcəlləsinin 101.2 maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur: 30 min manatadək olduqda 14 faiz, yəni 4200 manat. 30 min manatdan çox olduqda 4200 manat + 30 min manatdan çox olan məbləğin 25 faizi qədər vergi ödənir.

- Mən evimi 800 min manata satıram, onun neçə faizini dövlətə vergi şəklində ödəyəcəm? Hesblaya bilərik?

- Baza məbləğ 30 min manatın 14 faizi 4200 manat + yerdə qalan 770 min manatın 25 faizi 192500 manat. Yəni, 800 min manatlıq satışdan 196700 manat vergi ödəyəcəksiniz.

- Əgər mən evimi 2.4 milyon manata satacağamsa, onda nə qədər vergi ödəməliyəm?

- Yenə bu qayda ilə hesablanacaq. 30 min manatın 14 faizi 4200 manat + yerdə qalan 2 milyon 370 min manatın 25 faizi 592500 manat. Yəni, 2.4 milyon manatlıq satışdan 596700 manat vergi ödəyəcəksiz.

- Əmlakımı 2.4 milyon manata satıb, alqı-satqı müqaviləsində 800 min manat kimi rəsmiləşdirsəm, vergidə bunu başa düşərlər?

- Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, qarşılıqlı surətdə olan əqdlər bazar qiymətləri nəzərə alınmaqla ona əsasən müəyyənləşdirilməlidir. Təbii ki, siz şəhərin mərkəzində bir mənzili 200-300 min manata satırsızsa və əgər qonşuluğunuzdakı analoji obyektlərin bazarda satış qiyməti 2-3 milyon manatdırsa, siz onu 800 min manat kimi rəsmiləşdirsəniz, vergi orqanı təbii ki, bunu nəzərə alacaq.

- Vergi orqanı haradan xəbər tutacaq?

- Əlaqəli məlumatlar əsasında araşdırılır. Bazar qiyməti isə bazardakı tələb və təklifin qarşılıqlı əlaqəsindən yaranan qiymətdir. Yarım milyon manatlıq evi 50-60 min manata rəsmiləşdirsəniz, təbii ki, bu nəzərə çarpacaq.

- Satış qiymətini az göstərsəm, bunun sanksiyası nədir?

- Əvvəla vegi ödəyicisi kimi uçota durmadığınıza görə Vegi Məcəlləsinə əsasən 40 manat maliyyə sanksiyası tətbiq olunur. Bundan sonra Məcəllənin 58.1 maddəsinə görə verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Üstəgəl sizin vergi ödəməli olduğunuz dövrdən bu yana bir ildən çox olmamaq şərti ilə, hər ötən gün üçün 0,1 faiz həcmində faiz hesablanacaq. Əgər bu vəsait ödənməsə, məhkəmə qaydasında əmlakınız hesablanaraq yayındırılan vəsait büdcəyə bərpa olunacaq.

- Belə çıxır ki, yayındırılan, ödənməyən 596700 manatın 50 faizi 298350 manatdır. 1 ildə ödənməyən vergiyə görə 596700 manatın bir gün üçün 0,1 faizi 596 manat, onu da vursaq 365 günə 1 ildə 217795 manat faiz gələcək. 516185 manat vergi büdcəyə geri ödənəcək...

- ...Eyni zamanda vergidən külli miqdarda yayınmaya görə də İnzibati Xətalar Məcəlləsinə görə maliyyə sanksiyaları tətbiq olunacaq. O halda ödəməli olduğunuz vergini də keçəcək.

- Yaşadığım müddət orada çıxarış tarixi ilə hesablanır?

- Bəli.

- Məndə rəsmi çıxarış 2009-cu il sentyabrın 24-də alınıb, alqı-satqı müqaviləsi isə 2011-ci ilin iyulun 7-də imzalanıb. 1 il 9 ay orada yaşamışam...

- Bu artıq 2 ilə yaxın olur. Biz rəsmi olaraq vergi qanunvericiliyinə əsasən vergitutma məqsədləri üçün halları izah edirik. Vergi rəsmi sənədləri əsas götürür.

- Çıxarışdan əvvəl də orada yaşamışamsa, bunu necə sübut edəcəm?

- Əlaqəli məlumatlar əsasında, ya qonşular, ya da məhkəmə qaydasında. Siz təsdiqedici sübutla vergi orqanı əməkdaşının qarşısında çıxış etməlisiz ki, həqiqətən də 3 ildən az olmayaraq orada yaşamısız.

Pirverdiyevin qaynı telefonda kimlərə söydü?

Yəqin ki, anlaşıldı. Mübahisəli alqı-satqıda 600 min manata yaxın ödənməmiş vergi var və bu vergini də evi satan tərəf ödəməliydi. Bu saxtakarlıqda “Azərenerji” prezidentinin ailəsi də iştirak edib. Onun soyadını daşıyan xanımın imzası ilə evin qiyməti real satışdan 3 dəfə az göstərilib. Birinci yazıda mən Elbrus Məmmədova satdığı evdə nə qədər müddət yaşadığı barədə sualı da elə vergi öhdəliyinin yaranıb-yaranmadığını öyrənmək üçün vermişdim.

Məsələni bir az da aydınlaşdırmaq məqsədilə Pirverdiyevin qaynı, etibarnamə ilə bacısı Pirverdi Pərvanənin adından çıxış edən Hikmət Xammədova zəng elədim. Adımı dedim. “Hə, çox gözəl, nə gözəl adınız var”, deyə məni komplimentlə qarşıladı. Eşidəndə ki, mən qəzetdənəm və dərc olunan mübahisəli mülk yazısı ilə bağlı zəng eləmişəm keyfi pozuldu. Mənim suallarım bir kənarda qaldı, gözünü yumub, ağzını açdı: “Fəqandı, kimdi, getsin o Eynullaynan ...”.

Doğrusu, burada nə dediyini və ya nə demək istədiyini başa düşmədim. O isə davam edirdi, heç mənə qulaq asmırdı: “Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur, bu cür q...ə hərəkət eləməməlidirlər”.

Qulaqlarıma inanmadım, “necə?” deyə soruşdum. Səsimin tonundan deyəsən ayıldı: “Üzür istəyirəm sizdən. Bu gün şarlatanlıq edənləri mən qəbul eləmirəm. Qanun-qanundur, qayda-qaydadır. Qaydalar, qanunlar pozulmamalıdır. Telefonla heç nə həll olunmur. Sonra danışarıq”, dedi və söhbəti kəsdi.

Bir sözlə, H.Xammədov öz bildiyini danışdı, mənim suallarıma isə fikir verən kim idi? Amma mən öz peşə borcumu yerinə yetirib, onun da mövqeyini yazdım.

P.S (Dünən Elbrus Məmmədov redaksiyamıza gəlib bəzi məqamlara aydınlıq gətirmək istədiyini bildirdi. Dediyinə görə əvvəldən problemi mətbuat vasitəsi ilə çözmək niyyətində olmayıb, qanuni nümayəndəsi ilə aralarında olan anlaşılmazlığa görə bəhs olunan alqı-saqı ilə bağlı xəbər mətbuata sızıb. «Mənim Etibar Priverdiyevə qarşı hər hansı iddiam yoxdur, onun qayını Hikmət müəllim evin içində qalmış əşyalarımla bağlı məsələmiz olub. Mənim ümumiyyətlə hər-hansı iddiam yoxdur»-deyə E.Məmmədov vurğuladı.)(Bizim yol qəzeti)