“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsd törədilməsindən 26 gün ötür. Ancaq geridə qalan müddətdə reportyorumuzu döyən Feyruz Termişi adlı şəxsdən başqa kimsə həbs edilməyib.

Bu hadisədə iştirakı olan, videogörüntüdə görünən qara gödəkçəli şəxs də istintaqa cəlb edilməyib. Ən əsası - hadisənin sifarişçisi və bütün prosesdə həlledici rol oynaya biləcək Kikboksinq Federasiyasının idmançısı Tural Bayramov tutulmayıb. Jurnalistin döyülməsini sifariş verənin kimliyi gün kimi aydın olsa da, hüquq-mühafizə orqanları hələ də onu həbs etməyiblər.

İdmançının saxlanması haqda mayın 15-də aznews.az saytı xəbər yaysa da, sonra Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təsdiqləmədi. Hazırda iş nazirlikdədir və istintaq müstəntiq Mikayıl Qüdrətov tərəfindən aparılır.

Amma hadisənin üstündən keçən dövrdə istintaqda bir yenilik olmayıb. Mayın 20-də DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. O.Mansurzadə məlumat olacağı halda nazirlik adından açıqlama veriləcəyini qeyd etdi. Müstəntiq isə əməkdaşımızın özünə deyib ki, istintaq öz axarıyla gedir və əlavə yeni məlumat olsa veriləcək.

Bu isə şübhə yeri qoymur ki, istintaqa açıq şəkildə müdaxilə olunur. Bu müdaxilənin qaynağı da bəllidir. Hələ T.Bayramovun kimliyi təsbit edildiyi ərəfədə onun deputat Elton Məmmədovun övladları ilə birgə çəkdirdiyi şəkillər hadisənin ucunun hara qədər gedib çıxdığına ehtimallar yaratdı.

Güman olunurdu ki, avtoxuliqan hərəkətləri ilə gündəmə gələn deputat oğlu Aynar Məmmədov bu əməlləri barədə facebook səhifəsində yazan F.İlqaroğlunu cəzalandırmaq üçün idmançı dostuna sifariş verib.

Jurnalist də ilk gündən şübhələnirdi ki, facebook sosial şəbəkəsində aktiv olan deputat oğlu özbaşınalıqları barədə F.İlqaroğlunun davamlı yazdığını görüb, cəza kimi onu döydürmək yolunu tutub. Hadisənin üstündən 26 gün keçib və sifarişçinin məsuliyyətə cəlb edilməməsi artıq ehtimal yox, əminlik yaradır ki, işin arxasında Məmmədovlar dayanır.

Belə olmasaydı, idmançı çoxdan dəmir barmaqlıqlar arasında idi. Məmmədovlar T.Bayramovu güclü şəkildə himayə və mühafizə edirlər. Ki, istintaqa cəlb olunsa hər şeyi açıb danışa bilər. Çünki T.Bayramov heç bir arqumentlə sübut edə bilməz ki, onunla jurnalist arasında nə vaxtsa münaqişə olub və acığını çıxmaq istəyib. Deməli, idmançı Məmmədovların “silləvuran”ı funksiyasını yerinə yetirib və onu arxayın ediblər ki, ələ keçməyəcəksən.

Aynar Məmmədova virtual qadağa

T.Bayramovun dostu olan, əsl sifarişçi Aynar Məmmədov isə adının bu hadisədə hallanması ilə bağlı bu günə qədər bir cümləlik reaksiya da verməyib. Deputat oğlu jurnalistə qarşı sui-qəsdin sifarişçisi kimi təqdim olunur, barəsində məqalələr çap olunur.

Ancaq gəncin heç bir açıqlamasına rast gəlinmir. Təkcə bu hadisəyə görə susması deyil, ümumilikdə Aynara ailəsi tərəfindən danışmaq qadağası qoyulduğu bildirilir. Həmçinin onun sosial şəbəkələrdə fəallığı yasaqlanıb.

Aynarın facebook səhifəsinə ötəri baxış yetərlidir ki, sonuncu dəfə nə zaman paylaşım etdiyini bilək. Qeyri-rəsmi məlumata görə, ailəsi tərəfindən Aynara sosial şəbəkələrdən istifadə qadağan olunub, bahalı maşınlarla çəkdirdiyi fotoları daha səhifəsindən yığışdırılıb. Elton Məmmədovun oğluna qarşı qəzəbli olduğu, ona töhmət verdiyi də bildirilir.

Məlumata görə, deputat oğlunu danlayıb, onun başına dərd açdığını deyib. Baxmayaraq ki, deputat aqressiv şəkildə çıxış edərək bu işdə onlara böhtan atıldığını demişdi, “Yeni Müsavat”ın Məmmədovlar ailəsinə qarşı qərəzli kampaniya apardığı söyləmişdi. Bununla belə, gələn məlumatlar onu deyir ki, deputat övladının bu özbaşına hərəkətlərindən cana doyub və bərk hirslənib.

Fərahim İlqaroğlu isə sui-qəsdlə bağlı prezident İlham Əliyevə müraciət edib. Jurnalist prezidentə müraciətində onun döyülməsi barədə sifariş verənlərin cəzalandırılması, istintaqın daha dinamik aparılması üçün müvafiq tapşırıq verilməsini xahiş edib. Müraciətdə hadisənin baş verdiyi andan indiyə qədər davam edən proseslər, döyənin kimliyi, sifarişçinin adı, onun hansı qüvvələrə söykəndiyi barədə geniş şəkildə qeyd olunub. Jurnalist yazıb ki, aprelin 25-dən ölkə mətbuatı davamlı olaraq bu hadisədən yazır. Bu əmri verən Tural Bayramov və əsas sifarişçi hələ də azadlıqdadır. Onların azadlıqda gəzməsi özünü və ailəsini ciddi təhlükə altında qoyur.

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə istintaqın gedişindən narazıdır. Baş redaktorun sözlərinə görə, istintaqın sürəti onu qane etmir: “Bu qədər adlar çəkməyimizə, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton və onun övladları haqda iddialar irəli sürməyimizə baxmayaraq, heç bir reaksiya olmaması bizi narahat edir. Məmmədovlar tərəfindən heç təkzib də yoxdur. Mənim gəldiyim qənaətdir budur ki, istintaq siyasi rəhbərliyin, konkret olaraq prezidentin qərarını gözləyir”.

R.Arifoğlu əmindir ki, iş açıqdır: “İstintaq da, hər kəs də bilir ki, müxbirimizi Aynar Məmmədov döydürüb. Anlayıram ki, bir nazirin ən yaxın qohumu statusuna malik şəxsin həbsi siyasi məsələdir. Sadə məsələ deyil, onun və deputat atasının karyerasına təsir edə bilər. Ancaq baş verən cinayət göz qabağındadır. Bu cinayəti edən deputat oğludur. Fərahimin atası isə zəhmətkeş kişidir. İnanıram ki, Fərahimin prezidentə müraciəti müsbət nəticə verəcək. Zəngin kişinin oğlunun az təminatlı zəhmətkeş adamın övladını döydürməsinə imkan verilməməlidir. Mən müsbət nəticə verəcəyinə inanıram. Artıq qeyri-müəyyənliyə son qoyulmasının vaxtı çatıb”.(Musavat.com)