Mayın 21-də Qahirə Cinayət Məhkəməsi Misirin sabiq prezidenti Hüsnü Mübarəkə üç il həbs cəzası kəsib. O, dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib. Mübarəkin oğlanları Camal və Əla isə bu işə görə 4 il müddətinə azadlıqdan məhrum ediblər.
“Media forum” saytının məlumatına görə, Mübarək 21 milyon Misir funtu (3 milyon ABŞ dolları) cərimə də ödəməli olacaq.
Sabiq Misir prezidentinin korrupsiya işi ilə bağlı məhkəmə prosesi 2014-cü ilin fevralında başlayıb. Məhkəmə dövlət xəzinəsindən prezident sarayının bərpasına ayrılmış 18 milyon ABŞ dollarının mənimsənildiyi qərarına gəlib. Mübarək ittihamı qəbul etməyib.
2013-cü ilin avqustun 21-də Misirdə məhkəmə Mübarəkin 2011-ci il hadisələri – nümayişçilərin öldürülməsi ilə bağlı iş üzrə azadlığa buraxılması qərarı çıxarmışdı.
85 yaşlı Mübarək Misir prezidenti postunu 1981-2011-ci illərdə tutub. 2011-ci ilin fevralında xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib. 2012-ci ilin iyun ayında Qahirə məhkəməsi onu ömürlük həbsə məhkum edib. Mübarək kütləvi etirazları qanda boğmaqda təqsirli bilinib.


Şərhlər