“Texnikabank”ın bankomatları metrodan yığışdırılır, maaşların yalnız Beynəlxalq Bankın vasitəsilə ödəniləcəyi gözlənilir
“Bakı Metropoliteni”nin rəhbərliyi dəyişdiriləndən və “Azərtunelmetrotikinti” ASC-nin ona birləşdirilməsindən sonra, bu strukturda çalışanların sayı təqribən 7 min nəfər civarındadır. Bu isə Azərbaycan kimi ölkə üçün kifayət qədər böyük rəqəmdir. Bu qədər insanı, özü də böyük hissəsi hələ sovet dövründən sözügedən sahədə çalışan kollektivi idarə etmək və yeni qaydalara uyğunlaşdırmaq asan deyil.
Bəzi “yeniliklər” isə hörmətli Tağı Əhmədovun dövründə kifayət qədər çox olub. Bunlardan biri də heç kimin anlamadığı bir şəraitdə metro işçilərinin maaşının “Texnikabank” vasitəsilə ödənməsinə dair qərar verilməsidir. Heç də aparıcı banklardan biri olmayan və sonradan ətrafında müxtəlif söz-söhbətlər dolaşan, hətta rəhbərliyi həbsə atılan bir banka metropoliten rəhbərliyinin sevgisi nədən qaynaqlanıb görəsən? Bu sualın cavabını bilmirik...

Görünür səbəbsiz deyil. Məsələ ondadır ki, maaşlar kartlarla ödənilməyə başlandığı dövrdən, metropoliten Beynəlxalq Bankla əməkdaşlıq edib. Bu da təbiidir, ölkənin ən iri bankıdır və siyasi hakimiyyətin üstünlük verdiyi bank olduğu danılmazdır. Əməkdaşlıq deyəndə isə 5 mindən artıq işçinin əmək haqqının ödənməsi və digər böyük məbləğli bank əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Bunun bir bank üçün nə qədər böyük gəlir mənbəyi olduğunu başa düşmək üçün peşəkar maliyyəçi olmağa ehtiyac yoxdur. Birdən-birə bu yağlı tikəyə o vaxtkı “Texnikabank”ın cəlb olunmasında məqsəd görəsən nə olub? Biz demirik, amma əksər ekspertlər deyir ki, bu cür anlaşmaların arxasında hər iki tərəfin maddi maraqlarının durması ehtimalı olduqca yüksəkdir...
Hər necə olsa da, fakt budur ki, Zaur Hüseynov Tağı Əhmədovun daha bir ”əsərini” metrodan silir. Metro işçiləri maaşlarını artıq Beynəlxalq Bankdan çıxarmağa üstünlük verir. Və kriminal əməliyyatlarda adı keçən “Texnikabank”ın metropolitenlə maliyyə bağlarının ümumiyyətlə qırılması yaxın günlərdə həll olunacaq məsələyə çevrilib, bəlkə də həll olunub. Ancaq inanın ki, bu yeniliyin onsuz da küncə sıxışdırılan Taği Əhmədov cənablarına yeni problemlər yaratmasını qətiyyən arzulamırıq...
CƏLAL
“AzPolitika”

Şərhlər