Mətbuatda yayılan xəbərlərdə ana ölümü ilə bağlı tez-tez adı keçən xəstəxanalardan biri də Sabirabad Rayon Perinetal Mərkəzidir. Xəstəxanada çəkilən gizli video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstənin yaxınlarının biri ilə rüşvət qalmaqalı etdiyi əks olunub.
Vüsal Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəliri olmadığını söyləsə də, həkim bununla razılaşmır. O, bu pulun ancaq xəstənin dərmanlarının və anestezioloqun haqqı olduğunu deyir.
“Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?” deyən həkim bu sözləri ilə xəstənin yaxınını hədələyir: “Mənim işçilərim var, onlar mənim əlimə baxır, onların hamısının haqqını çatdırmalıyam. Prezidentindən tutmuş, prokuroruna qədər hamının işi bizdən gəlib keçir. İşinizi həll edəndən sonra bizi tanımırsız”.
Həkim hətta xəstənin əməliyyat zamanı tikişində istifadə olunan sapın da pulunu almağa çalışır və sapların qiymətini xəstənin yaxınlarına sadalayaır. Baş həkim ən bahalı sapın 5 manata olduğunu və bundan almalarını tələb edir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Teleqraf.com-a bildirib ki, videodan xəbərləri var və məsələ araşdırılır.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov rüşvət qalmaqalı ilə bağlı Bakıya çağırılıb. Bu barədə baş həkimlə əlaqə saxlayan Teleqraf.com müxbirinə Əziz Mikayılov özü məlumat verib: “Bu gün səhər saatlarında mənə xəbər göndərildi və Bakıya Səhiyyə Nazirliyinə çağırıldım. Videoya mən də baxdım, hazırda dəqiq məlumat vermək mümkün deyil, yəni bu qurama iş də ola bilər. Amma hər bir halda həkimin videodakı görünütülərinə haqq qazandırmıram. Yəni dövlət müəssisəsində çalışan bir tibb işçisinin pasiyentdən pul tələb etməsi düzgün deyil”.
Baş həkim rüşvət qalmaqalı ilə bağlı videogörüntüləri yayımlanan həkim Vüsal Məmmədovu şəxsən tanıdığını və peşəkar cərrah olduğunu bildirib: “Əslində cərrah Vüsal Məmmədov 2011-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə Sabirabad Rayon Perintal Mərkəzə həkim təyin olunub. Şəxsən tanışam onunla, peşəkar cərrahdır. Sankt- Peterburqda 4 il odernatura keçib, Mama-Ginekologiya İnstitutunda çalışıb”.
Onun sözlərinə görə hadisə ilə bağlı sabah Sabirabad rayon Perintal Mərkəzinə komissiya göndəriləcək.

Şərhlər