Əfv siyahısına Qərbin tələb etdiyi şəxslərin yox, İran vətəndaşlarının adı salındı

Azərbaycanda 130-dan çox siyasi məhbus var. Bunlardan 30-a yaxını beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib. Bir qayda olaraq beynəlxalq aləm Azərbaycan hakimiyyətindən bu şəxslərin azad edilməsini tələb edir. Ancaq İlham Əliyevin əfv fərmanları bir qayda olaraq həm yerli ictimaiyyəti, həm də beynəlxalq aləmi məyus edir.

Son günlər siyasi məhbuslarla bağlı beynəlxalq təzyiq yenidən gündəmə gəlib. AŞPA sədri Bakı səfəri zamanı siyasi məhbuslar məsələsinin prioritet olduğunu vurğuladı və İlqar Məmmədovla bağlı xüsusi münasibət bildirdi. Avropa Şurasının baş katibi Tornborn Yaqland İlham Əliyevlə görüşündə bu məsələni yenidən qaldırdı. Eyni zamanda Avropa Məhkəməsi Əli İnsanovla bağlı qərar qəbul etdi. “Amnisty İnternational” təşkilatı NİDA-çı gənclərlə bağlı kampaniyaya başladı. ABŞ-ın Şimali Qafqaz üzrə eksperti “siyasi məhbus” məsələsinin birdəfəlik həll olunmasının vacibliyini bildirdi. Fransa prezidenti Bakı səfərində ölkə başçısı ilə siyasi məhbuslar məsələsini müzakirə etdi. Bir sözlə, bütün görüşlərdə, səfərlərdə siyasi məhbusların azadlığı tələb olundu.

Bütün bunlara baxmayaraq, İlham Əliyevin sonuncu əfv fərmanı da, demək olar, siyasi məhbuslar məsələsini həll etmədi.

Əksinə, İlham Əliyevin əfv siyahısına nəzər salanda, başqa mənzərənin şahidi oluruq. Belə ki, sonuncu əfv fərmanında 10-dan çox Iran vətəndaşı azadlığa çıxıb.

Belə nəticəyə gəlmək olur ki, budəfəki əfv fərmanında qərbin deyil, İranın tələbləri yerinə yetirilib. Azərbaycanla İran arasında münasibətlər soyuqdur və tərəflər arasında həll olunmamış xeyli məsələ var. Keçmişə ekskurs etsək, İranın Azərbaycana nota verməsini, Azərbaycanda İran səfirliyinin qarşısında Xomeyninin təhqir olunmasını, Azərbaycan vətəndaşlarının Iranda saxlanmasını, İlham Əliyevin İrana dəvətdən imtina etməsini və s. görmək olar. Deməli, baş verənlər Irana sevgidən qaynaqlanmır. Sadəcə, Qərbdən demokratiya çağırışı intensivləşəndə, hakimiyyət istənilən tərəfə yıxılmağa meylli görünür və demokratik dünyaya göstərmək istəyir ki, təzyiq güclənəndə mənim seçimim başqa cür ola bilər.

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, İran vətəndaşlarının azadlığa buraxılması bir jestdir və daha böyük əfv iyun ayında olacaq: “Düşünürəm ki, cəmiyyəti müəyyən mənada qane edən əfv fərmanı iyun ayında olacaq. İyun ayının 15-i 20-si arası belə bir əfv olacağı gözlənilir. İran vətəndaşlarının əfvə düşməsinə gəlincə, bunu münasibətlərin normallaşdırılması üçün növbəti jest hesab etmək olar. Çünki Həsən Ruhaninin prezidentliyi dövründə müəyyən münasibətlər bərpa olunub. Uzun müddətdən sonra İlham Əliyev İran dəvətini qəbul etdi və müəyyən sahələrdə əməkdaşlıqla bağlı sazişlər imzalanıb. İndiki halda verilən qərar da bu münasibətlərin istiləşməsinə mesajdır. Bir daha qeyd etmək istəyirəm ki, Gələn ay İlham Əliyevin Strasburq səfəri öncəsi, müəyyən addımlar atılacaq”.(Azadlıq qəzeti)