Təkcə bir rayonda milyonluq əmlakı olan başçı, hüquq müdafiəçisini korrupsiya ittihamı ilə həbs etdirib...
“Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun həbsi onun Salyanda dövlət büdcəsinin talan edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciəti ilə bağlıdır. Bu həbsin arxasında həmin müraciətdən narahat olan icra başçısı Tahir Kərimov dayanr”.
Bu fikirlər Salyanda məmur özbaşınalığı, icra başçısı Tahir Kərimovun fəaliyyətilə bağlı mütamadi olaraq mətbuata, o cümlədən “AzPolitika.info” saytına müraciət ünvanlayan sahibkarlara məxsusdur. Bəlli səbəblərdən adlarını gizli saxladığımız sahibkarların sözlərinə görə, Emil Məmmədovun Prezidentə müraciəti baxılması üçün Maliyyə Nazirliyinə göndərilib. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Emil Məmmədovun rəhbərlik etdiyi təşkilata göndərilən məktubda isə həmin faktların tam araşdırılacağı qeyd olunmuşdu: “Ancaq Tahir Kərimov bu araşdırma başlamadan, ya da nəticəsi ortaya çıxmadan Emil Məmmədovun həbsinə nail oldu”.
Sahibkarların iddiasına görə, Emil Məmməov Salyanda dövlət vəsaitinin necə talanmasını və əslində hansı istiqamətlərə xərləndiyini sübut edəcək məlumatara malik olduğundan onu tələsik həbs ediblər. Onlar bildirir ki, hüquq müdafiəçısi Tahir Kərimovun dövlət büdcəsindən talanan vəsaitlərin hesabına özünə hansı sahələrdə geniş biznes qurduğuna dair konkret bilgilərə malik olub və bunları ictimaiyyətə açıqlamağa hazırlaşırmış. Həmin məlumatların bir çoxu redaksiyamıza təqdim olunub. Həm də konkret sənəd-sübutlarla.

Bu cür “tenderlərdən” sonra isə dövlətin Salyan rayonunun inkişafı üçün ayırdığı milyonlarla manat vəsaitin böyük hissəsi təyinatından yayındırılır, şəxsi ciblərə yönəldilir. Nəticədə dövlət büdcəsi hesabına reallaşdırılmalı olan işlər ya alayarımçıq görülür, ya da məcburən yerli sahibkarlara gördürülür. Üstəlik onlardan başqa adlar altında da “haqq” yığılır. Bu isə təbii ki, rayonda ciddi narazılıqlar, dövlətə inamsızlıq yaradır.
Sahibkarların iddiasına görə, Tahir Kərimovun dövlətin ayırdığı vəsaitləri şəxsi biznesinin inkişafına yönəltməsi və rayondakı abadlıq- quruculuq işlərini öz zəhmətlərilə sahibkara çevrilmiş insanların hesabına həyata keçirməsi onların normal fəaliyyətinə imkan vermir. Bu da Salyanda ümumi vəziyyəti daha da ağırlaşdırır, sadə insanları dövlətdən incik salır.
Xatırladaq ki, E.Məmmədov məhz bu narazılıqların getdikcə artmasını əsas gotürərək Prezidentə müraciət etmiş və dövlət büdcəsinin xərclənməsindəki qanunsuzluqları araşdırmaq üçün Salyan rayonuna müvafiq komissiya göndərilməsini istəmişdi...
İndi isə keçək Tahir Kərimovun Salyanın sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərə “qənaət edərək” özünə hansı istiqamətlərdə geniş biznes qurduğuna dair məlumatlara...
Ancaq öncə xatırladaq ki, “Azpolitika.info” Tahir Kərimovun fəaliyyəti haqda rayon sahibkarlarının şikayətləri əsasında bir-neçə tənqidi material yaydıqdan sonra, icra başçısının dəvətilə əməkdaşımız ötən ayın sonunda Salyanda olmuşdu. Bəzi məsələlərə şəxsən Tahir Kərimovun özünün aydınlıq gətirməli olmasına baxmayaraq, əməkdaşımızın suallarını, əsasən Salyan RİH başçısının müavini Rəşad Cəbrayılov cavablandırmışdı. Düzdür, görüşdə rayonun başqa rəhbər şəxsləri də iştirak etmiş və rəhbərlik etdikləri sahələr üzrə məsələlərə münasibət bildirmişdilər. Hətta Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhəri üzrə ərazi icra nümayəndəsi əməkdaşimiza fermer adı ilə təqdim olunmuş və həmin şəxs Tahir Kərimovun adına çıxılan fermer təsərrüfatlarına sahib də çıxmışdı...
Amma cənab Kərimovun biznes strukturlarına dair sualları Rəşad Cəbrayılov cavablandırmışdı.
Həmin suallardan biri də Tahir Kərimovun ölkənin şimal rayonlarındakı biznes obyektləri, konkret olaraq Qusardakı istirahət mərkəzi və meyvə bağları ilə bağlı idi. Rəşad Cəbrayılov Tahir Kərimova məxsus hər hansı bir istirahət mərkəzinin olmadığını qətiyyətlə bildirmişdi. Eyni zamanda Kərimovun şimal rayonlarında başqa biznesinin də olmadığını iddia etmişdi.

Beləliklə, saytımıza təqdim olunan sənədlər təsdiqləyir ki, 2010-cu ildə Qusar rayonunda 1 hektar ərazidə tikilən və sonradan ərazisi 3 hektara qədər genişləndirilən, təxminən 1 milyon manata başa gələn “Alpin-Qusar” istirahət mərkəzinin sahibi Tahir Kərimovdur.
Əldə olan sənədlərdən belə görünür ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları da var.
Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da Kərimov tərəfindən ələ keçirildiyiə dair iddialar var.
Ancaq Kərimovun ən böyük biznes strukturları, təsərrüfatları son illər rəhbərlik etdiyi Salyandadır. Başcı olduqdan sonra Kərimovun 100 hektarlarla əkin sahəsinə, böyük fermalara, istixanalara, balıqçılıq təsərrüffatlarına, restoranlara sahib olduğu bildirilir.
Üst-üstə bizə məlum olan obyekt və təsərrüfatlarının real bazar dəyəri 10 milyonlarla manatla ölçülən Tahir Kərimov, o şəxsdir ki, Salyanda camaat arasında hörməti olan bir ziyalını, hüquq müdafiəçisini korrupsiya itttihamı ilə həbs etdirib...
Dövlət məmuru olduğu halda təkcə bir rayonda – Qusarda milyonluq əmlaklara hansı yolla sahib olduğu haqda “AzPolitika”nın rəsmi sorğusuna isə, çox hörmətli Tahir Kərimov, 1 aya yaxındır cavab verməkdə çətinlik çəkir.

Bu suala cavab tapmaq isə, sözsüz ki, hüquq-mühafizə orqanlarının işidir. Amma deyəsən onlar da cavab tapıblar artıq. Hər halda Emil Məmmədovun bu gün həbsdə olmasından belə qənaətə gəlmək mümkündür.
Vaqif NƏSİBOV
AzPolitika.info
Tahir Kərimovun tutdurduğu Emil Məmmədov barəsində salyanlılar nə düşünür? Bu suala aşağıdakı videoreportajdan cavab tapmaq olar:

Şərhlər