Təhsil Nazirliyi ilk dəfə olaraq müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar hazırlayıb.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub: “Qaydalar təsdiq edildikdən sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Sertifikasiyadan keçməyən müəllimlər təbii ki, müəssisədə qalıb işləyə bilməyəcəklər”.
E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə başa çatandan sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Nazirlik rəsmisi qeyd edib ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib: “Təbii ki, bu proses bütün müəllimləri əhatə etməyəcək. İlkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin bir günə sertifikasiyadan keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər”.
Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır.
Eşqi Bağırov, bu sahədə bir sıra yeniliklər də olacaq: “Dəyişikliklər müəllimlərin xeyrinə olacaq. Bu il müəllim olmaq üçün imtahan verən şəxslərin sayının daha çox namizəd gözləyirik, çünki vakansiyaların sayı artıq olacaq”.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə qeyd edib ki, Bakı şəhəri üzrə məktəblərdə direktor olmaq istəyən namizədlər üçün təlimlər keçiriləcək: “Müvafiq ali təhsil müəssisələrində keçirilən bu təlimlərdən uğurla keçən namizədlər daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinə müsahibə mərhələsinə dəvət olunacaqlar”.
C.Valehov bildirib ki, müsahibədən keçən namizədlər Təhsil Nazirliyində keçiriləcək müsabiqədə iştirak edəcək: “Yaxın zamanlarda təlimlərlə baģlı ictimaiyyətə məlumat veriləcək. Aprelin 1-dən bu günə qədər paytaxtdan əlavə, digər şəhər və rayonlar məktəblərində direktor olmaq istəyən 2000-dən çox namizəd elektron qeydiyyatdan keçib. Halbuki keçən il ümumi müraciətlərin sayı 3000 idi. Proses davam etdiyindən bu il üçün müraciət edənlərin sayında artım olacağını gözləyirik”.


Şərhlər