“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı isə 4 iyuna xüsusi toplantı keçirəcəkMayın 30-da “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının iclası keçirilib. Alyansın mətbuat xidmətindən verilən xəbərə görə, iclasda siyasi məhbuslarla bağlı son durum, qanunsuz həbslər və məhkəmə hökmləri, Alyansın qarşısında duran vəzifələr, yaxın dövr üçün görüləcək işlər və digər məsələlər müzakirə olunub.
Bildirilir ki, iclasda son zamanlar həyata keçirilən qanunsuz həbslər-jurnalist Rauf Mirəqdirovun, hüquq müdafiəçisi Emil Məmmədovun, gənc fəal Orxan Əyyubzadənin həbsi, eləcə də jurnalist Pərviz Həşimli, gənc blogger Əbdül Əbilov, SMDT nümayəndələri Anar Məmmədli, Bəşir Süleymanlı və digərləri haqqında absurd məhkəmə hökmünün çıxarılması kəskin pislənilib. Bütün siyasi məhbusların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.
İclasda iyunun 4-də “Azərbaycanda siyasi məhbus problemi; mövcud durum və reallıqlar” mövzusunda toplantı keçirilməsi qərara alınıb.
Toplantıda həmçinin qərara alınıb ki, iyun ayı ərzində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən Azərbaycanda siyasi məhbus probleminə dair növbəti hesabat hazırlansın.
Milli Şura da ölkədəki siyasi məhbus problemini, insan hüquqları sahəsində vəziyyətin pisləşməsini gündəmə çıxaracaq. Bu barədə isə Milli Şuranın komissiya sədri Vidadi Mirkamal moderator.az-a deyib. O deyib ki, siyasi məhbus problemi Milli Şuranın prioritet istiqamətlərindən biridir və sonuncu siyasi məhbus buraxılanadək, ictimai-siyasi mövqeyinə görə insanların təqib edilməsi dayandırılanadək bu mübarizə davam edəcək: “Məncə, heç bir seytnot yoxdur. İqtidar 20 ildən artıqdır ki, bütün inzibati və maliyyə resurslarını səfərbər edib real müxalifətin, vətəndaş cəmiyyətinin və medianın üstünə gəlir, repressiyaya əl atır. Ona görə də bu durğunluq müvəqqətidir və gələcək aylarda biz bunun şahidi olacağıq. Milli Şura artıq AŞPA-ya bir neçə dəfə müraciət edib və iyun sessiyasınadək bu müraciətlər daha intensiv olacaq”.

Şərhlər