Suraxanıda böyük pullara torpaq satan şəxslərlə icra başçısı arasında narazılıq yaranıb. Torpaqların satılmasını icra etmək üçün ayrılan adamlar icra başçısı nın “payını”da mənimsəməyi bacarıblar. Suraxanı rayonu Hövsan qəsəbəsində böyük bir ərazinin satılması və bundan sonra pul üstündə rəsmi şəxslərin mübahisə etməsi ilə bağlı məlumatlar daxil olub. Suraxanı sakininin gunxeber.com-a dediyinə görə, icra başçısının Hövsan qəsəbə mümayəndəsi Ağasəlim Əliyev, icra hakimiyyətində şöbə müdiri Pənah Səfərovun qardaşı Səməd Səfərov, məsləhətçi Mobil Süleymanov və Yusif Süleymanov adlı şəxslər birləşərək Hövsan qəsəbəsində 20 hektara yaxın torpaq sahəsini satıblar.
Sözügedən alqı-satqıdan Suraxanı rayonu icra hakimiyyətinin başçısı İlqar Abbasova çatacaq 2 milyona yaxın pul adıçəkilən şəxslər tərəfindən mənimsənilib. Məlumatda o da qeyd olunur ki, satılan torpaqlar əlil və şəhid ailələri üçün nəzərdə tutulubmuş, amma həmin adamlar tərəfindən aidiyyatı olmayan şəxslərə satılıb.
Bununla yanaşı, icra nümayəndəsi A.Əliyev saxta akt (tarixi çox əvvələ uyğunlaşdırılan) sənədlər düzəldərək torpaq sahələrini satmaqla məşğuldur. Hazırda icra başçısı ilə adıçəkilən şəxslər arasında demək olar ki, hər gün pul söhbətlərinin getdiyi deyilir.
Torpaqların satılması üçün icra başçısı tərəfindən ayrılan adamların ehtimadı doğrultmadığı və icra başçısına kələk gəlindiyi də məlumatlar sırasındadı . 20 hektara yaxın torpaq sahəsinin hər sotunu 3000-5000 manata satan şəxlərin pulunun, mal-mülkünün, ticarət obyektlərinin sayi-hesabı yoxdur.
Materialda adıçəkilən şəxslərin və Suraxanı rayon icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər