REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli iyunun 3-də məlumat yayıb. “Mediaforum” bildirir ki, məlumatda deyilir: “7 aydır Şəki İstintaq Təcridxanasında saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədov özünün müraciəti əsasında kamerada tək qalırdı. Mayın 31-də təcridxana rəsmisi İlqar Məmmədovun yanına gəlib, onun qaldığı korpusa ilan girdiyini deyərək ehtiyatlı olmağı məsləhət görüb. İyunun 1-də isə o yenə İlqar Məmmədovun yanına gələrək kameraya bir nəfər salmaq istədiyini bildirib. İlqar imtina edərək tək qalmaqda israr edib. Sonra təcridxana rəhbərliyi 2 nəfər dustaq gətirərək İlqarın kamerasına yerləşdirib. Həmin adamlar 2 gündür İlqarın rahatlığını tam pozublar. İlqarın siqaret tüstüsünü götürmədiyini təcridxana rəhbərliyi bilir, həmin 2 nəfər siqaret çəkərək kamerada nəfəs almağı mümkünsüz ediblər.
İlqar Məmmədovun telefonla evlərinə bildirdiyinə görə, son hadisələr, apelyasiya baxışının qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatdan xəbər verir”.
Xatırladaq ki, İlqar Məmmədov məlum İsmayıllı hadisələri ilə bağlı həbs olunub və 7 il iş alıb.

Şərhlər