İyunun 1-dən “Ayna” və “Zerkalo” qəzetləri fəaliyyəti dayandırıb. Qəzetlərin baş redaktoru Elçin Şıxlı bəyan edib ki, işin dayanması maddi problemlə əlaqədardır.

“Media forum” saytına açıqlama verən Elçin Şıxlı deyib ki, qəzetlərin 30 nəfər işçisi var: “Nəşrlərin dayanması heç də həmin şəxslərin işsiz qalması anlamına gəlmir. Mən heç kəsi işdən çıxarmamışam. Sadəcə, heyət haqqı ödənilməyən məzuniyyətə göndərilib. Mən qəzetlərin yenidən nəşrə başlaması üçün əlimdən gələni edirəm. Çalışıram ki, imkan tapıb fəaliyyətimizi davam etdirim. İmkan olsa, davam edəcəyik, olmasa, olmayacaq”.

May ayının əvvəlində “Ayna” və “Zerkalo” qəzetləri dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmayıb.

“Ayna” və “Zerkalo” qəzetləri 1990-cu ilin avqustunda yaradılıb. Elçin Şıxlı qurucularından olduğu qəzetlərə 2001-ci ildən baş redaktorluq edir. İlk baş redaktor hazırda “Exo” qəzetinin redaktoru olan Rauf Talışinskidir.