"Sabunçu RPİ-də işə əsassız olaraq xitam verilib"
Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Kimiləri tikinti şirkətləri yaradaraq, kütləvi şəkildə vətəndaşlardan pul yığıb aradan çıxır, kimiləri vəzifəyə qoymaq adı ilə müxtəlif adamlardan pul toplayıb qaytarmır, kimi şərikli biznes qurmaq, borc adı ilə və ya yaxın qohum olduğu üçün etibarından istifadə edərək aldığı pulları mənimsəyir.
Heç şübhəsiz bu cür halların kütləviləşməsinin başlıca səbəblərindən biri dələduzluqla məşğul olan şəxslərin sərt şəkildə cəzalandırılmaması, bir çox hallarda hətta onların cinayət məsuliyyətinə cəlb edilməmələridir. Əksər hallarda polisdə, digər hüquq-mühafizə orqanlarında dələduzların qurbanlarına işdə cinayət tərkibinin olmadığı deyilir, onlara mülki iş kimi məhkəməyə müraciət etmək tövsiyyə olunur. Aylarla, illərlə uzanan məhkəmələrdə isə zərərçəkmişlərin haqları təmin edilmir.
Bəzən isə hətta hüquq-mühafizə orqanlarında çalışanlar dələduzların ələ keçirdiyi vəsaitdən müəyyən pay alaraq, işi uzada bildikcə uzadır. Axırda da heç bir tədbir görmədən zərərçəkmişə məhkəməyə getmək məsləhəti verilir. Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevrilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün hara müraciət etsin sualına cavab axtarır.
Sonda səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.
Elə 1988-ci ildə Ermənistandan qaçqın düşmüş, sonradan iş üçün getdiyi Rusiya dövlətinin vətəndaşlığını almış Qəhrəmanov Rövşən Həsən oğlunu da belələrindən hesab etmək olar. Dələduzluqla üzləşdiyini bildirən Rövşən Qəhrəmanov Rusiyada ağır işlərdə çalışaraq uzun illər ərzində topladığı pulun vəzifədə işləyən tanışı tərəfindən məninsənildiyini söyləyir. Daha dəqiqi, Bakı şəhərində yerləşən xüsusi təyinatlı 143 saylı Mənzil İstismar Sahəsinin müdiri vəzifəsində işləyən Usubəliyev Vəli Usubəli oğlu tərəfindən ona qarşı dələduzluq edildiyini iddia edir.
Ortada bunu sübut edən faktların olmasına baxmayaraq, müraciət etdiyi Sabunçu Raton Polis İdarəsininnin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən cinayət işinə xitam verilib.
Buna görə o, başda prezident İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bir sıra dövlət orqanlarının rəhbərlərinə , o cümlədən daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət etmək məcburiyyətində qalıb.
Şikayətinin bir nüsxəsini saytımıza da təqdim edən Rövşən Qəhrəmanov bildirir ki, 1988-ci ildə Ermənistandan qaçqın düşdükdən sonra, ailəsi Ağdam rayonunda məskunlaşıb. Ancaq 1992-ci ildə Ağdam işğal edildiyində 2-ci dəfə qaçqınlıq həyatı yaşamalı olublar. Bu dəfə İsmayıllı rayonu ərazisində çadırlarda məkunlaşırlar. 1996-cı ildən işləmək üçün Rusiya Federasiyasına gedib. Rusiyanın İvanov Vilayətinin İvanovo şəhərində məskunlaşıb. Orada qanuni şəkildə işə girmək üçün Rusiya Federasiyasının vətəndaşlığını almalı olub.
Lakin imkan əldə edən kimi ölkəyə qayıtmağı düşündyündən, 2006-cı ildə Sabunçu rayonu Yeni Pirşağı yaşayış massivindən 3600 kv.m ölçüdə (36 “sot”) torpaq sahəsi alır. Özü Rusiya vətəndaşı olduğundan həmin torpaq sahəsinə bələdiyyənin şəhadətnaməsi qayınanası Məmmədova Qalina İvanovnanın adına verilir.
Bir müddət sonra yaxınlarına həmin torpaq sahəsini özəlləşdirməklə mülkiyyət hüququ almaq üçün nə lazım olduğunu öyrənməyi tapşırır. Nizami rayonunda yerləşən xüsusi təyinatlı 143 saylı Mənzil İstismar Sahəsinin müdiri vəzifəsində işləyən Usubəliyev Vəli Usubəli oğlu da bundan xəbər tutur. Belə ki, Rövşən Qəhrəmanovun sözlərinə görə, Vəli Usubəliyevi onlar hələ Ermənistanda yaşadığı illərdən tanıyırlar : “Orta məktəbdə bir sinifdə oxumuşuq. Hətta bizim qohumluq əlaqələrimiz də vardır.”
Elə onun torpağına mülkiyyət hüququ əldə etmək istəməsini də Vəli Usubəliyev şikayətçinin qardaşı Maşan Qəhrəmanovla söhbəti zamanı öyrənib. Və elə həmin vaxt - 2009-cu ilin avqust ayında Rövşən Qəhrəmanovun Rusiyadakı telefonuna zəng edərək bu işi görə biləcəyini, qayınanasının adına götürdüyü torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış (“kupça”) ala bilcəyini söyləyir.
Ancaq bu işin müəyyən xərci olduğunu söyləyir: “ O, bu işlərin müqabilində məndən 12 000 ABŞ dolları istədi. Mən də onunla razılaşdım, bilirdim ki, vəzifədə işləyir və bunları edə bilər. Bundan sonra 12 000 ABŞ dollarını bank vasitəsilə Bakıya Vəliyə göndərdim və o, həmin pulları qəbul etdi. "Zolotaya korona» ödəniş sistemi ilə müxtəlif vaxtlarda hissə-hissə 12000 ABŞ dollarını Azərbaycan Respublikasına Vəli Usubalıyevin adına göndərdim. Bunu təsdiqləyən qəbzlər də var. Bundan təxminən bir ay sonra o, mənə torpağımla bağlı bir sıra sənədləri, o cümlədən eskiz layihə sənədlərini və bəzi çıxarışları “Skype” vasitəsilə göstərdi. Məni əmin etdi ki, həmin torpaq sənədlərimi tam hazırlamış və çıxarış (kupça) almışdır. Mən də ona inandım”.
Rövşən Qəhrəmanovun sözlərinə görə, hələ uşaqlıqdan tanıdıqları Vəli Usubəliyev həm onların inanmından, həm də qardaşının sənədlərdən baş çıxarmamasından istifadə edərək onları aldadır, torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əvəzinə, başqa sənədlər təqdim edir. Ancaq onun bundan xeyli sonra xəbəri olur.
Həmin vaxta qədər isə Vəli Usubəliyevin ondan başqa bir iş üçün pul aldığını söyləyir: “Bundan sonra onunla tez-tez əlaqə saxlayırdım. O, yuxarı dairələrlə geniş əlaqələrinin olduğunu və Azərbaycanda istənilən işi görmək qabiliyyətində olduğunu bildirirdi. Torpağın sənədlərini düzəltməyi və vəzifədə olması məndə ona qarşı tam inam yaratmışdı. O, mənə həmin ərəfədə bildirdi ki, əgər Azərbaycana qayıdaramsa mənə işə girməkdə də köməklik edə bilər. Ona məlum idi ki, mən Bakı şəhərində İnşaat Mühəndisləri Universitetini bitirmişdim. Mənə təklif etdi ki, guya məni «Socar»a mühəndis kimi işə düzəldə bilər, aylıq olaraq oradan 1500 manat maaş alacaqdım.

Bundan sonra onunla mütəmadi olaraq telefon əlaqəsi saxlayırdım. O, hər dəfə yalançı vədlər verərək məni aldadırdı. Son vaxtlar telefon zənglərimə də cavab vermirdi”.
Pul verməsindən uzun müddət keçsə də, Vəli Usubəliyevin işlə bağlı vədini yerinə yetirmədiyini görən Rövşən Qəhrəmanov 2015-ci ilin ortalarında Azərbaycana gəlir: “Gəldikdən sonra da Vəli Usubəliyevlə görüşə bilmədim. Çünki telefonlarıma cavab vermədi. Öyrəndim ki, nə torpağıma sənəd düzəldib, nə də mənə vəd etdiyi digər işləri görüb. Yəni, vətəndaşlıq almağım və “SOCAR”a işə düzəlməyimlə bağlı verdiyi vədlər da tamamilə yalanmış.
Vəliyə xəbər göndərdim ki, 25 500 ABŞ dollarımı qaytarsın. O, da söz vermişdi ki, qaytaracaqdır. Mən də işimlə əlaqədar Rusiyaya qayıtdım. Bundan sonra özü ilə əlaqə yarada bilmədim. Ona qohum-əqraba vasitəsilə xəbər göndərirdim. Söz versə də, pullarımı ödəmədi.
2016-cı ildə aprel ayında Azərbaycana gəldim və Vəli Usubəliyevin qanunsuz hərəkətləri ilə bağlı ərizə ilə Sabunçu rayon Poils İdarəsinə müraciət etdim. Polis tərəfindən araşdırma aparıldı və fakt üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıldı”.
Rövşən Qəhrəmanovun sözlərinə görə, Vəli Usubəliyev əvvəlcə ondan 25 500 dollar aldığını etiraf edib: “O, iş üzrə polisə çağırıldı və izahat verdi. İzahat verərkən ona göndərdiyim 25 500 ABŞ dollarını məndən almasını etiraf etdi. Hətta polisdə olduğu müddətdə onunla üzləşdirildim. Üzləşmə zamanı da həmin 25 500 ABŞ dollarını yalnız torpağı sənədləşdirmək üçün aldığını bildirdi. Lakin, məni “SOCAR”a işə düzəldəcəyi, vətəndaşlıq verdirəcəyi barədə verdiyi vədi boynuna almadı. Halbuki bunu təsdiq edəcək şahidlər də vardı.”
Rövşən Qəhrəmanov qeyd edir ki, ortada konkret faktlar olduğundan, Vəli Usubəliyev əvvəlcə həbsə alınıb. Ancaq sonradan hansısa səbəbdən nəinki buraxılb, hətta işə xitam verilib : “Bundan sonra hətta onu 2 gün müddətinə də tutdular. Lakin, o Nizami rayonunda yerləşən xüsusi təyinatlı 143 saylı Mənzil İstismar Sahəsinin müdiri vəzifəsində olduğundan, vəziyyətdən çıxmağı bacardı. Belə ki, guya torpaqla bağlı pulu Elçin Əliyev adlı şəxsə verdiyini bildirib. Hansı ki, həmin Elçin Əliyev adlı şəxsi tanımıram və onunla heç vaxt rastlaşmamışam. Bu səbəbdən də polis işi yarımçıq qoyaraq bir müddət sonra işin icraatını dayandırdı. Amma pulum qaytarılmadı”.
Rövşən Qəhrəmanov bildirir ki, cinayət işinin icraatıəsassız yerə dayandırılıb: “İşin istintaqı aparılarkən Azərbaycan Respublikasında bir müddət qaldım və sonra Rusiyaya qayıtdım. Yalnız 2017-ci ilin təxminən fevral ayında Azərbaycana qayıtdıqdan sonra Sabunçu RPİ-də olan işimlə maraqlandım. Mənə hər dəfə aldadıcı məlumat verilirdi. Mən cənab prezidentimiz başda olmaqla bir sıra hüquq mühafizə orqanlarına 09 mart 2017-ci il tarixli və sonrakı tarixli ərizəmlə müraciət etdikdən sonra mənə məlumat verildi ki, zərərçəkmiş şəxs qismində tanındığım sözügedən bu cinayət işi ilə bağlı xitam qərarı qəbul olunmuşdur. İstintaq cinayət işinin icraatına xitam verməklə o qərara gəlmişdir ki, Vəli Usubəliyevə vermiş olduğum 25 500 ABŞ dolları, o vaxtın məzənnəsi ilə 19 800 manat tam həcmdə torpağın sənədləşdirilməsi üçün Əliyev Elçin Telman oğluna çatmışdır. O, da həmin pulun müqabilində mənim qayınanam Məmmədova Qalina İvanovnanın adına verilmiş 99 illik icarə müqaviləsini və digər sənədləri qaydasına salıb qardaşım Qəhrəmanov Maşana vermişdir. Buradan da istintaq belə qənaətə gəlmişdir ki, verilən pulun müqabilində lazımi iş görülmüşdür. Əlbəttə ki, bütün bunlar gülünc bir qənaətə gəlmədir ki, burada cinayət hadisəsinin olmasından söhbət getmir. Məgər 99 illik icarə müqaviləsi və kadastr sənədləri, CPS-dən çıxarışlara bu qədər məbləğ tələb olunur? Axı həmin pullar rəsmi qaydada hansı işlərin görülməsinə yönəlmişdir, istintaq bunu araşdırmamışdır. Burada hansı qaydaya salınmış digər sənədlər vardır? Bildirirəm ki,sözügedən torpaq sahəsinə onunsuz da hələ 2006-cı ildən sənədim var idi. Lakin, həmin sənəd mənim qane etmədiyindən kupça almaq istəyirdim. Onu da qeyd edirəm ki, Vəli Usubəliyevlə işə girməyim və vətəndaşlıq almağım barədə söhbətlərimlə bağlı Vəli Usubəliyev mənə dönə-dönə tapşırmışdı ki, heç kimin məlumatı olmasın. Amma bu barədə mənim yaxınlarımın tam məlumatı vardır. Hətta qohumlarımdan bəziləri Vəli Usubəliyevlə görüşərək həmin məsələlərin nə yerdə olmasını soruşmuşlar. Vəli də onlara söz verirdi ki, tezliklə düzələcəkdir. Təssüf ki, istintaq həmin şəxsləri çağırmadan qeyd olunan işə düzəlmə və vətəndaşlıq alma məsələlərinə yalnız Vəli Usubəliyevin ifadəsi ilə qiymət vermişdir.”.

Bütün bunları nəzərə alarq Rövşən Qəhrəmanov ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlrinə müraciət edərək, kömək istəyir : “Möhtərəm Prezidentimiz İlham Əliyevin və hüquq-mühafiə orqanlarının rəhbərlərinin məmin müraciətimə diqətlə yanaşaacaqlarına inanıram. Onlardan xahiş edirəm ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Məmmədov Bakir İsmayıl oğlunun 02 dekabr 2016-cı il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarını ləğv edilərək, həmin işin icraatının təzələnərək yenidən istintaqın aparılmasını təmin esinlər. Eyni zamanda mənim Rusiyada ağır işlərdə çalışaraq əldə etdiyim 25 500 dollar vəsaitin Vəli Usubəliyev tərəfindən mənimsənilməsinin qarşısı alınsın. Qabaqcadan Sizə öz minnətdarlığımı bildirirəm”.

A.Məmnədovun sözlərinə görə, sözügedən cinayət işi üzrə qanunsuz xitam qərarı 02 dekabr 2016-cı il tarixdə qəbul olunmuşdur: “ Qərarın qərara aldım hissəsində qeyd olunmuşdur ki, maraqlı tərəflər bu barədə məlumatlandırılsın. Bu işdə də ən maraqlı tərəf müvəkkilim olsa da, ona vaxtında məlumat verilməmişdir. Yalnız çoxsaylı müraciətlərimizdən sonra bu qərarı son iki gündür ki, əldə etmişik. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 282.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qərar bizə yeni verildiyindən, şikayət vermək hüququmuz qalır”.
A.Məmnədov qeyd etdi ki, müvəkkilinin dələduzluq ittiham etdiyi Usubəliyev Vəli Usubəli oğlunun Bakı şəhərində yerləşən xüsusi təyinatlı 143 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləməsi də nəzərə alınmalıdır: “ Vəzifəli şəxs olduğundan onun barəsində olan iş Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməli idi. Amma nədənsə Sabunçu RPİ-də aparıldı və sonda da qanuna müvafiq qərar qəbul olunmadı. Bu səbəbdən cinayət işinin icraatına xitam verilməsi barədə qərar ləğv olunaraq, istintaqı aparılmalı və bu işdə təqsiri olan şəxslər məsuliyyətə cəlb olunmalıdır”.
Şikayətdə götərilənlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
R. Əliyev
AzPolitika.info

Şərhlər