Fazil Əliyev: “Gürcüstan parlamentində 2-3 azərbaycanlı eksponat deputat yox, ən azından 20 nəfər millət vəkili olmalıdır”

Gürcüstanın azərbaycanlı eks-deputatı, 2008-ci il prezident seçkilərində namizəd, “Gürcüstan Naminə” partiyasının sədri Fazil Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının tapdanmasına qarşı mübarizə tədbirləri haqda AzPolitika.info-ya danışıb. Fazil Əliyev bildirib ki, partiya olaraq bu barədə qəti qərara gəliblər:

“İnshallah, yaxın vaxtlarda Gürcüstan hakimiyyəti ilə görüşümüz olacaq. Əgər onlar azərbaycanlılara qarşı diskriminasiya siyasətinə son qoymasalar, biz liderlərin birlikdə dediklərini və nələr edə biləcəklərini hamı görəcək. Düşünürəm ki, bütün dünyanın diqqətini Borçalıya yönəldə biləcəyik və Gürcüstan hakimiyyətini məcbur edəcəyik ki, bizə qarşı diskriminasiya siyasətini dayandırsın. Gürcüstan hakimiyyətinin azərbaycanlılara layiq olduqları diqqəti yetirmələri mütləqdir. Gürcüstanda yaşayan azərbaycanlılar, burada yaşayan digər millətlərdən əskik deyil və biz kimliyimizi sübut edəcəyik."

Partiya sədri bildirib ki, onların çox ciddi tələbləri olacaq: "Nəzərə almaq gərəkir ki, azərbaycanlılar Gürcüstanda sayına görə ikinci millətdir. Ona görə də, Marneulinin meri yox, biz ikinci dövlət vəzifələrini, eləcə də proporsional olaraq, sayımıza görə, yüksək dövlət vəzifələrində təmsil olunmağımızı tələb edəcəyik. Yəni, Gürcüstanda ya baş nazir, ya prezident, ya da parlament sədri vəzifələrindən biri azərbaycanlılara həvalə edilməlidir. Gürcüstan parlamentində 2-3 azərbaycanlı eksponat deputat yox, ən azından 20 nəfər millət vəkili olmalıdır. Prokurorluq orqanlarında, məhkəmə, təhlükəsizlik və sairə nazirliklərdə azərbaycanlılar layiqincə təmsil olunmalıdır. Kvemo-Kartilinin qubernatoru Gürcüstan türkü olmalıdır."

Ülkər Musazadə