Müsavat başqanının müşaviri Yadigar Sadıqovun apellyasiya məhkəməsi təxirə salınıb. Bunu iyunun 9-da “Media forum” saytına Yadigar Sadıqovun hüquqlarını müdafiə edən ictimai komitənin sədri Elman Fəttah deyib.

Elman Fəttahın sözlərinə görə, hakim İsmayıl Əhmədov vəkil Adil İsmayılovla əlaqə yaradaraq iyunun 10-da keçirilməli olan prosesin qeyri-müəyyən müddətə təxirə salındığını deyib: “Prosesin təxirə salınması siyasi sifarişin tərkib hissəsidir. Siyasi məzmunlu digər prosesin – Tofiq Yaqublu və İlqar Məmmədovun apellyasiya məhkəməsinin əsassız olaraq təxirə salınması da bunu göstərir. Adi təqvim məsələlərini belə siyasi sifarişlə yerinə yetirirlər. Bu cür tragikomik siyasi məhkəmələrin vaxtını belə yuxarıdan idarə edirlər”.

Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub, bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb. Müsavat başqanının müşaviri silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirli bilinib. Hökmə görə, o, ötən il iyunun 25-də Lənkəranda şəhər sakini Rəşid Kərimovu iki nəfərlə birlikdə döyüb.